07 may 2025 23:15
211

Qarşılıqlı ehtiramı ifadə edən səmimi müsahibə

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, onun dünya dövlətləri tərəfindən tamın­ması dünyəvi proseslərdə yeniliklər yaratdı. Bu yeniliklər müxtəlif dövlətlərlə ikitərəfli münasi­bət­lər yaratdı. Belə münasibətlər təkcə ərazi baxımından yaxın dövlətlər arasında deyil, uzaq qitə­lər­də yerləşən dövlətlər arasında da yarandı. Azərbaycanla ikitərəfli münasibətlər saxlamağa maraqlı olan dövlətlər belə münasibətlərin yaranmasını xarici siyasəti üçün prioritet bildi.

Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələrin yaranması və formalaşması da bu baxım­dan diqqəti çəkir. Hələ SSRİ dönəmində, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdi. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olmuşdu. Vyetnam onda Azər­baycan adlı bir məmləkət haqqında ilkin siaysi, iqtisadi, mədəni təəssüratlara malik olmuşdu.  

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra, 2014-cü ildə Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət sə­fəri və 2015-ci ildə Vyetnam Sosia­list Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbay­can Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni mərhələ oldu.  Prezident Çıonq Tan Şanqın səfəri zamanı rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, in­for­masiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahə­lə­rin işgüzar dairələrinin iştirakı ilə Birinci Azər­baycan-Vyetnam biznes forumu keçirilmişdi.

Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyən­ləş­diril­məsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hö­kumətlərarası Komissiyası yaradıldı.

2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni mərhələ oldu.  Prezident Çıonq Tan Şanqın səfəri zamanı rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradıldı…”…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibədə bildirdi ki, “Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi…”.

Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama sə­fə­ri­ni də xatırladan dövlət başçımız bu səfər çərçivəsində Leyla xanım Əliyevanın vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həm­çi­nin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Dövlət başçımız müsahibədə qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaranacağına, bunun iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcəyinə, yeni əməkdaşlıq imkanlarının mövcudluğuna əminliyini də bildirərək dünyəvi proseslərdə mühüm əhəmiyyətə malik olan bir məqamı da xatırlatdı: “Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər...”...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə tarixi baxımdan da dünyəvi mahiyyətləri ifadə edir, ikitərəfli münasibətlər sferasında da. Bu müsahibə qarşılıqlı ehtiramı ifadə edən səmimi müsahibə kimi tarixləşdi...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı