09 may 2025 09:31
101

Narkomanlıq cinayətə aparan yoldur

Ötən il Lənkəranda narkomanlıqla bağlı 141 cinayət faktı aşkar edilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. Belə ki, bu məsələ ilk dəfə Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanında öz əksini tapmış, narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sözügedən sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” həyata keçirilir. Dövlət Proqramının Lənkəran rayonunda icrası ilə bağlı geniş Tədbirlər Planı hazırlanmış və bu istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilməsindən ötrü rayonda xüsusi komissiya yaradılmışdır.

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya narkomanlığın əleyhinə təşkilatlararası əlaqələndirmə funksiyasını öz üzərinə götürməklə narkomaniyanın profilaktikası ilə bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsi, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi, Lənkəran Şəhər Narkoloji Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə Təhsil sektoru və yerli bələdiyyə qurumları ilə birgə işini qurmağa nail olmuşdur.

Sözügedən komissiya “Gənclərin antinarkomaniya” İctimai Birliyi ilə birgə AMEA-nın Lənkəran regional Elmi Mərkəzində Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirilmək məqsədilə “Gənclər narkotikə “yox” deyir mövzusunda elmi seminar keçirmişdir.

Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar maarifləndirici seminar keçirilmişdir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə Təhsil sektoru tərəfindən 2024-cü il ərzində bir sıra tədbirlər görülmüşdür. Belə ki, pedaqoji kollektivlər məktəblərdə zərərli vərdişlərdən istifadə etməyə mənfi münasibətin tərbiyə edilməsi məqsədilə tədrisin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin imkanlarından istifadə edirlər. Rayonun ümumtəhsil müəssisələrində təhsil işçiləri və məktəblilər arasında narkomaniyadan və narkotik vasitələrdən istifadənin zərərli nəticələri ilə bağlı tibbi-bioloji, əxlaqi-etik, sosial-iqtisadi və hüquqi istiqamətlərdə söhbətlər, yığıncaqlar, dəyirmi masalar, viktorinalar, görüşlər, müxtəlif idman tədbirləri, inşa və rəsm müsabiqələri təşkil olunmuşdur. Şəhərin 3, 6 nömrəli, Liman şəhər 2 nömrəli, Mamusta kənd, Nərimanabad qəsəbə tam orta məktəblərdə “Narkomanlığa və narkotik vasitələrə “yox” deyək” devizi altında sinif divar qəzetləri və bülletenlər buraxılmış, narkomaniyanın dəhşətli bəla olması ilə bağlı məqalələr paylanılmışdır.

Cari tədris ilinin əvvəlindən narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində təbliğat-təşviqat işlərini gücləndirmək məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə şəhərin 4, 7 nömrəli, İstisu, Aşağı Nüvədi, Gərmətük qəsəbə, Viravul və Şürük kənd orta və başqa məktəblərdə seminar və dəyirmi masalar keçirilmişdir.

 Narkotik vasitələrin sağlamlığa və insan mənəviyyatına zərərli təsiri barədə səhiyyə orqanları  nümayəndələrinin iştirakı ilə şagirdlər qarşısında tez-tez söhbətlər təşkil olunur. Rayon narkoloji dispanserinin baş həkimi şəhər 7 və 10 nömrəli tam orta məktəblərdə şagirdlərlə görüşmüş və narkotik vasitələrin insan  səhhətinə mənfi təsiri barədə mühazirə oxumuş, şagirdləri maraqlandıran suallara cavab  vermişdir. Rayonun ayrı-ayrı ümumtəhsil məktəblərində valideynlərin, ictimaiyyətin, hüquq – mühafizə, yerli icra və bələdiyyə orqanları nümayəndələrinin iştirakı ilə şagirdlər arasında narkomanlıqla bağlı hüquqa zidd hərəkətlərin qarşısının alınması, onların zərərli vərdişlərdən çəkindirilməsi üzrə qabaqlayıcı tədbirlərin keçirilməsinə diqqət artırılmışdır. Viravul 1 və 2 nömrəli, Darquba kənd tam orta məktəblərində “Narkomanlıq cinayətə aparan yoldur”, “Narkotik vasitələrə aludəcilik cəmiyyətdə mövqeyin və nüfuzun itirilməsdir”, “Narkotik vasitələrin yayılmasında iştirak insanlara qarşı xəyanətdir” mövzusunda görüşlər keçirilmişdir. Cari tədris ilində  Lənkəran Şəhər-Rayon Polis Şöbəsinın rəisinin iştirakı ilə Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində və şəhər 6 nömrəli tam orta məktəb-liseydə narkotik vasitələrlə mübarizə yolları mövzusunda yuxarı sinif şagirdlərinə film nümayiş etdirilmişdir.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin bilgə təşkilatçılığı ilə Lənkəran Gənclər Evində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və sağlam həyat tərzini təbliğ etmək olmuşdur.

Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və  Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Qurumba kənd ümumi orta məktəbində "Gənc nəsli narkomaniyadan qoruyaq" devizi altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə çıxış edən natiqlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrdən yaranan asılılıqdan, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən və erkən nikahın fəsadları barədə danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gənclərin daha düzgün və uğurlu yola yönəlməsində həm valideynlərin, həm də müəllimlərin böyük rolu vardır.

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya hüquq-mühafizə orqanları, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və bələdiyyələrlə birgə “Xaş-xaş” şərti adı altında narkotik xassəli bitkilərin əkilib becərilməsinin qadağan olunması, yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq yerindəcə məhv edilməsi məqsədilə əhali arasında izahat işləri aparmış, fəalların yığıncaqlarını təşkil etmiş, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı yaranan məsuliyyət barədə içtimai məlumatlandırmanı həyata keçirmişdir.

Eyni zamanda, Lənkəran Şəhər İcra hakimiyyəti yanında “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” tərəfindən cari ildə məhkəmənin 76  hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin, psoxotrop maddələr və onların perekursorlarının məhv edilməsi icra edilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən Lənkəran rayonu ərazisində keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü il ərzində  141 cinayət faktı aşkar olunmuş, onlardan 46 fakt narkotik vasitələrin satışı, 88 fakt narkotik vasitələrin qanunsuz saxlanılması və 7 fakt narkotik bitkilərin əkilib becərilməsi ilə bağlı olmuşdur. 2024-cü il ərzində ümumilikdə 61 kq 887,319 qram müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır. Götürülmüş narkotik vasitələrdən 1 kq 120.06 qram heroin, 60 kq 757,6 qram marixuana, 153,7 qram psixotrop maddələr təşkil edir.

2024-cü il ərzində Lənkəran Şəhər Narkoloji Xəstəxanasına müraciətlər və xəstəxananın iş planına uyğun təşəbbüslər nəticəsində 9222 nəfər müxtəlif səbəblərdən ambulator və stasionar qəbul olmuşdur. Qəbul edilənlərdən 80 nəfəri stasionar, 9142 nəfəri alkoqol, narkotik və toksikoloji sərxoşluğun müəyyənləşdirilməsi üçün məcburi ekspertiza müayinəsindən keçmiş və ambulator baxışlarda olmuşlar. Ötən müddət ərzində xəstəxanadan 708 nəfər HİV və hepatitlə bağlı müayinəyə göndərilmişdir.

2024-cü ildə xəstəxanada narkoman diaqnozu ilə 315 nəfər ilkin xəstə qeydiyyata götürülmüş, 486 nəfər qeydiyyatdan çıxarılmışdır. Hazırda Lənkəran Şəhər Narkoloji Xəstəxanasında 4402 nəfər narkoistifadəçi qeydiyyatda vardır və onlardan 52 nəfəri qadın, 939 nəfəri 18-29 yaş, 2429 nəfəri 39-40 yaş, 1034 nəfəri 50 yaşdan çox olanlardır. Xəstələrlə fəal müalicə kursundan sonra sosial-psixoloji reabilitasiya kursu həyata keçirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya narkotiklrərin qanunsuz dövriyyəsi ilə mübarizə və narkomaniyanın qarşısının alınması sahəsində profilaktik fəaliyyətin gücləndirilməsini, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasını diqqət məkəzində saxlayır və bundan sonra da bütün lazımi tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.

Mikayıl Cəfərzadə,
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini