Bu gün Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirərək Cənubi Qafqazın lider ölkəsi, siyasi və iqtisadi mərkəzinə, Avrasiya məkanının yeni orta güc aktoruna çevrilib. Azərbaycan öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları və tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini cızan, COP29 kimi nəhəng tədbirləri yüksək səviyyədə keçirən və qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi beynəlxalq arenada böyük nüfuz sahibidir.
“İki sahil” xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində qeyd edilib.
Samir Nuriyev bildirib ki, Azərbaycan işğaldan azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru heç kimdən yardım almadan, öz gücünə bərpa edir və yenidən qurur, həmin ərazilərdə müasir infrastruktur yaradılır, yaşayış məntəqələri salınır, insanların doğma yurdlarına qayıdışı təmin edilir. Hazırda həmin ərazilərdə 45 mindən artıq vətəndaşımız yaşayır, işləyir, təhsil alır, yaradır, övladlarını böyüdür və öz gələcəyini qurur. Azərbaycan Prezidentinin bu bölgəyə hər səfərində çoxsaylı obyektlərin açılışı keçirilir, yenilərinin təməli qoyulur. Təbii ki, bütün bunlar Azərbaycanın böyük gücünün və geniş potensialının göstəricisidir. Eyni zamanda, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidən xalqa müraciəti, işğaldan azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi və bu prosesin parlaq nümunəsi kimi 2024-cü il prezident seçkilərində dövlətimizin başçısının ailəsi ilə birlikdə məhz Xankəndidə səs verməsi tam suverenliyimizin və Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisini əhatə etdiyinin göstəricisi olub.