10 may 2025 17:12
164

Bərdədə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

Bərdə rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.

İki sahil” xəbər verir ki, Bərdə rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir" adlı konfrans keçirilib.

Konfrans iştirakçılarından bir qrupu öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçıları öncə "Əsrin adamı" adlı filmə baxıblar.

Konfransda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövləti və xalqı xilaskarlıq missiyasından geniş məruzə edib. Bildirib ki, xalqımız Ulu öndər Heydər Əliyevin xidmətlərini unutmur və xatirəsinə və parlaq ideyalarına hörmət və ehtiramını Ümummilli Lider olaraq bildirir. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Ulu öndər Heydər Əliyev də var olacaq və bu sevgi və inam daim artacaq!

Konfransda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti böyük dövlətçilik təcrübəsi və müdrik siyasəti ilə müstəqil Azərbaycanı qurması və möhkəmləndirməsi ilə bağlıdır. Müzəffər Liderimiz cənab İlham Əliyevin dediyi kimi " Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir!" Rayon təşkilatının sədri qeyd edib ki, Müzəffər Liderimiz cənab İlham Əliyevin Ulu öndər Heydər Əliyevin parlaq ideyalarına sədaqətlə dövlətimizə və Yeni Azərbaycan Partiyasına rəhbərliyi xalqımız üçün böyük uğur və əsl xoşbəxtlikdir!

Konfransda YAP -a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilib.