12 may 2025 03:00
148

ABŞ prezidenti Yaxın Şərq turuna çıxır

ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-na kimi baş tutacaq Yaxın Şərq turuna başlayacaq.

“İki sahil” xəbər verir ki, o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Aprelin sonunda Papa Fransiskin dəfn mərasimi üçün Romaya qısa səfərdən sonra, bu, prezidentin yanvarın 20-də vəzifəyə başladıqdan sonra ilk rəsmi xaricə səfəridir.

Trampın Ər-Riyadda ABŞ və Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcəyi gözlənilir. Amerika mətbuatının yazdığına görə, prezident ABŞ-nin Yaxın Şərqdəki rolu və məqsədləri ilə bağlı öz baxışını təqdim edəcək.

Turun əsas məqsədlərindən biri iqtisadi sövdələşmələr bağlamaq və Amerika iqtisadiyyatına investisiya cəlb etmək olacaq. Fələstin-İsrail münaqişəsinin həllinin də müzakirə olunacağı gözlənilir. Qətər İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında aparılan danışıqlarda əsas vasitəçidir.

Bundan əlavə, Tramp dünya neft qiymətlərini müzakirə etməyi planlaşdırır: ABŞ-nin iqtisadi artım tempini sürətləndirmək üçün onların azaldılması administrasiyanın əsas vəzifələrindən biridir.