Azərbaycan təkcə coğrafi yox, həm də mədəni mənada sivilizasiyaların qovşağında yerləşir. Bu ölkənin hər daşı, hər nəfəsi, təkcə bir millətə deyil, bütöv bir mədəniyyət mozaikasına məxsusdur. Əgər Qərb dünyası multikulturalizmi yeni bir sosial təcrübə kimi təqdim edirsə, Azərbaycan onu yüzillər boyu yaşayan həyat tərzi kimi daşıyır. Burada multikulturalizm nə modadır, nə də beynəlxalq auditoriyaya yönəlmiş vitrin görüntüsüdür – bu, xalqın ruhuna hopmuş dəyərdir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi.
Eskpert qeyd etdi ki, Azərbaycanın siyasi xəttində multikulturalizmin strateji anlam daşıması ilk növbədə dövlətçilik təfəkküründən qaynaqlanır. Prezident İlham Əliyevin bu ideologiyanı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim etməsi, tarixə söykənən milli həmrəyliyi çağdaş dövrün siyasi və ideoloji kontekstinə uğurla daşımağın nümunəsidir. Bütün dünyada etnik və dini qarşıdurmaların alovlandığı bir vaxtda, Azərbaycanın müxtəlif etnos və din nümayəndələrinə eyni hüquq və münasibətlə yanaşması, onun siyasi yetkinliyinin və ictimai etimadının bariz göstəricisidir. Bu model, Ermənistanın monoetnik siyasəti fonunda Azərbaycanın mənəvi və siyasi üstünlüyünü daha aydın nümayiş etdirir.
Politoloq vurğuladı ki, multikulturalizm burada sadəcə dözümlülük deyil – bu, birlik fəlsəfəsidir. O fəlsəfə ki, minilliklər boyu formalaşan tolerantlıq ənənələrinə söykənərək, müasir dövrün siyasi çağırışlarına cavab verə bilir. Azərbaycan multikulturalizmi yalnız sülhə deyil, həm də milli təhlükəsizliyə xidmət edən ideoloji qalxandır. Bu gün dünya siyasətində sərt gücdən daha çox "yumşaq güc" – mədəni təsir, sosial harmoniya, ideoloji nüfuz müəyyənedici faktorlardır. Və Azərbaycan bu gücü öz multikultural kimliyi ilə formalaşdıraraq regionda fərqlənməyi bacarır. Yəhudi sinaqoqları ilə müsəlman məscidlərinin bir-birinə qonşu olduğu, rus pravoslavlarının və xristian albanların dinc şəkildə yaşadığı cəmiyyətlər örnəkdir dünyaya.
Bu gün Qarabağa qayıdışın təkcə fiziki deyil, həm də mənəvi qayıdış olduğunu söyləyiriksə, bu qayıdışın mərkəzində multikultural yanaşma dayanır həm də. Çünki biz Qarabağı təkcə azad etmədik – onu mədəni mənsubiyyət baxımından da yenidən qazanmaq yolundayıq. Azərbaycanın dünyaya təqdim etdiyi bu model – həm sabitliyin, həm də mədəni cəlbediciliyin nümunəsidir. Və bu model gələcək nəsillərə yalnız keçmişin yox, həm də gələcəyin mirası olacaq.