13 may 2025 08:08
88

ABŞ Dövlət Departamenti BƏƏ-yə silah satışını təsdiqləyib

Dövlət Departamenti ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 1,4 milyard dollar dəyərində silah satışına icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, BƏƏ 1,32 milyard dollara “6 CH-47F Chinook” helikopteri, həmçinin təxmini dəyəri 130 milyon dollar olan F-16 qırıcıları üçün ehtiyat hissələri almaq istəyir.

Dövlət Departamenti BƏƏ-yə təklif olunan satışlarla bağlı tələb olunan sənədləri ABŞ Konqresinə təqdim etdiyini və bu sənədlərin “vacib regional tərəfdaşın təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcəyini” bildirib.

BƏƏ-nin alacağı helikopterlər ölkəyə axtarış və xilasetmə əməliyyatları, fəlakətlərin nəticələrinin aradan qaldırılması, humanitar dəstək və terrorla mübarizə əməliyyatlarında” iştirak etməyə imkan verəcək.

ABŞ Prezidenti mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etməyi planlaşdırır.

BƏƏ-yə səfərin iki ölkə arasında süni intellekt, yarımkeçiricilər, istehsalat və enerji sahələrində investisiyaları əhatə edən bir sıra maliyyə sövdələşmələrinin elan edilməsi ilə nəticələnəcəyi gözlənilir.

Tramp Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanına böyük silah satışını da açıqlaya bilər.