Əvvəllər 50 yaşdan əvvəl xərçəngə yoluxmaq nadir hal idi. Lakin son illər bütün dünyada, xüsusilə ABŞ-da bu, artmaqdadır və tədqiqatçılar bunun səbəbini bilmək istəyirlər.
ABŞ hökumətinin yeni araşdırması erkən yaranan xərçəng haqqında ən dolğun mənzərəni təqdim edib və ən böyük artımın süd vəzi, kolorektal, böyrək və uşaqlıq yolu xərçənglərində olduğunu aşkar edib. Tədqiqat zamanı ABŞ Milli Xərçəng İnstitutunun alimləri 2010-2019-cu illər arasında 15-49 yaş arası insanlarda diaqnoz qoyulan 2 milyondan çox xərçəng xəstəliyini əhatə edən məlumatlara baxıblar.
33 xərçəng növündən 14-ü ən azı bir gənc yaş qrupunda artan nisbətlərə malikdir. Erkən başlayan xərçənglərin təxminən 63%-i qadınlar arasındadır.
"Bu cür nümunələr ümumiyyətlə baş verən dərin bir şeyi əks etdirir. Anlamamıza kömək edəcək tədqiqatları maliyyələşdirməliyik”, -deyə xərçəng riskini öyrənən “Dana-Farber” xərçəng institutundan Tim Rebbek bildirib.
Tədqiqat nəticələri Amerika Xərçəng Araşdırmaları Assosiasiyasının “Xərçəng kəşfi” jurnalında dərc olunub.
Tədqiqatçılar 2019-cu ildəki xərçəng nisbətlərini 2010-cu ildəki nisbətlərlə müqayisə ediblər.
Süd vəzi xərçəngi artıq xərçənglərin ən böyük hissəsini təşkil edir və təxminən 4800 əlavə hal qeydə alınıb. 2010-cu ilin göstəricilərinə əsasən gözlənilənlərlə müqayisədə 2000 daha çox kolorektal xərçəng, daha 1800 böyrək xərçəngi və 1200 əlavə uşaqlıq xərçəngi qeydə alınıb.
"Bu xərçəng növlərinin bir neçəsinin artıq bədən çəkisi ilə əlaqəli olduğu bilinir və buna görə də aparıcı fərziyyələrdən biri piylənmənin artmasıdır", -deyə Milli Xərçəng İnstitutunun aparıcı müəllifi Meredit Şils açıqlayıb.
Xərçəngin aşkarlanmasında irəliləyişlər və skrininq qaydalarındakı dəyişikliklər bəzi erkən diaqnozların səbəbi ola bilər.
Süd vəzi xərçənginin gəncləşməsinin bir səbəbi qadınların artıq daha gec yaşlarda ilk uşaq sahibi olma meyili ola bilər. Hamiləlik və ana südü ilə qidalanmanın riski azaltdığı məlumdur.
Bunun əksinə, siqaret çəkmə onilliklər ərzində azalıb və bu, ehtimal ki, gənc yetkinlər arasında ağciyər xərçənginin azalmasına səbəb olur.
Prostat xərçənginin azalması isə ehtimal ki, həddindən artıq müalicə ilə bağlı narahatlıqlar səbəbindən gənc kişilərdə müntəzəm PSA testindən çəkindirən yenilənmiş təlimatlarla əlaqələndirilir.
Nubar Süleymanova, “İki sahil”