Mayın 16-da İstanbuldakı Dolmabahçe sarayında Türkiyə-ABŞ-Ukrayna formatında görüş baş tutub.
“İki sahil” xəbər verir ki, üçtərəfli formatda danışıqlar Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilib.
Saat yarım davam edən görüşdə ABŞ nümayəndə heyətinə danışıqlarda iştirakı əvvəllər açıqlanmayan ABŞ Dövlət katibi Marko Rubio şəxsən rəhbərlik edib.
Görüşdə Vaşinqton tərəfindən Birləşmiş Ştatların Ankaradakı səfiri Tom Barak və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da iştirak edirdi.
Danışıqlarda Ukraynanı Prezident aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil edib.
Yerli vaxtla saat 12:30-da Dolmabahçe sarayındakı Prezident ofisinin həmin zalında Türkiyə-Rusiya-Ukrayna formatında görüş baş tutacaq. Üçtərəfli formatda ikinci görüşün açılışında Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidanın iştirakı planlaşdırılır.