19 may 2025 13:27
95

Messi və Anadol rəqəmsal incəsənətlə məşğul olacaqlar

İyunun 11-də Christie's New York-da əfsanəvi argentinalı futbolçu Lionel Messi ilə türkiyəli rəssam Refik Anadolun yaradıcı əməkdaşlığının nəticəsi olan unikal rəqəmsal sənət əsəri hərraca çıxarılacaq.

“İki sahil” "Komersant"a istinadla xəbər verir ki, əsər əfsanəvi hücumçunun sevimli qolu üzərində qurulub və ondan əldə olunan gəlir Latın Amerikası və Karib hövzəsi ölkələrində uşaqların təhsilinin dəstəklənməsinə yönəldiləcək.

Messi 20 illik karyerası ərzində 800-dən çox qol vurub və onların bir çoxu tarixə düşüb. Lakin o, heç vaxt onların ən dəyərlisinin adını çəkməyib - futbolçu seçimini mayın 22-də açıqlayacaq.

Bu elandan sonra müasir texnologiya və sənətin kəsişməsindəki əsərləri ilə tanınan rəqəmsal rəssam Refik Anadol süni intellektdən istifadə edərək rəsm yaradacaq. O, burada hər şeyi - azarkeşlərin emosiyalarını, matçın statistikasını, oyunçuların hərəkət trayektoriyalarını nəzərə almağı və mühüm anın abstrakt vizualizasiyasını qurmağı planlaşdırır.

Hərracdan əldə olunan gəlirlər, “Həyatda məqsəd” təşəbbüsünün dəstəklənməsinə yönəldiləcək. Bu, Messinin ilk xeyriyyə layihəsi deyil – o, BMT ilə əməkdaşlıq edir və öz fonduna rəhbərlik edir.