Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) Məclisinin 16 may 2025-ci il tarixində növbəti iclası keçirilib. İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin birinci müavini İlyas Əliyev də iştirak edib. Tədbirdə Vətən Müharibəsində canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad olunub.
“İki sahil” xəbər verir ki, daha sonra Məclisdə təşkilati məsələlər müzakirə olunub, ötən dövr ərzində Məclis üzvləri arasından iş yerini dəyişən, səlahiyyət müddəti başa çatan, vəfat edən şəxslər qurumun tərkibindən çıxarılıb və yeni səlahiyyətli üzvlər orqana daxil olunub. Belə ki, Məclisdə Cahangir Əliyevin ANQSİHİRK-nin sədrliyindən azad olunması barədə ərizəsinə baxılıb və Komitənin Nizamnaməsinə uyğun olaraq, o, Məclisin və Rəyasət Heyətinin üzvlüyündən azad edilib. Həmçinin onun AHİK-in İcraiyyə Komitəsi və Məclis üzvlüyündən geri çağırılması üçün Konfederasiyaya müraciət olunub.
ANQSİHİRK-ə yeni sədrin seçilməsi məqsədilə keçirilən müzakirələrdə uzun müddət SOCAR-da məsul vəzifələrdə çalışmış, son illər isə şirkətin Baş ofisinin Sosial layihələrin idarə edilməsi Departamentinə rəhbərlik etmiş Rüfət Zamanovun namizədliyi irəli sürülüb. Məclis üzvləri yekdilliklə, açıq səsvermə yolu ilə onun ANQSİHİRK-nin sədri seçilməsi haqqında qərar qəbul ediblər. O, eyni zamanda AHİK-in İcraiyyə Komitəsi və Məclis üzvlüyünə seçilib. Rüfət Zamanov, öz növbəsində, ona göstərilən etimada görə Məclis üzvlərinə minnətdarlığını ifadə edib və bu etimadı doğrultmaq üçün var gücü ilə çalışacağını bildirib.Həmçinin Məclisdə bu ilin iyun ayının 18-i tarixində ANQSİHİRK-nin VI Qurultayının keçirilməsi haqqında qərar qəbul olunub.