19 may 2025 16:13
120

Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Rəqəmsal rənglər” sərgisi keçirilib

Mayın 18-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "NigART" Rəsm Məktəbinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Rəqəmsal rənglər" adlı rəsm sərgisi keçirilib.

“İki sahil” xəbər verir ki, qonaqları salamlayan “NigART” Rəsm Məktəbinin direktoru Nigar Qurbanova sərgidə 42 uşağın əl işlərindən ibarət rəsmlərin nümayiş olunduğunu qeyd edib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov sərginin keçirilməsində məqsədin uşaqların süni intellekt, robotexnika və innovasiya mövzularına marağını artırmaq olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin təhsilə, incəsənətə və gənc nəslin inkişafına həmişə xüsusi diqqət ayırdığını vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov rəsmlərdə süni intellektin müxtəlif sahələrdə tətbiqi imkanlarının şagirdlər tərəfindən uğurla təsvir edildiyini bildirib.

Sonda balaca rəssamlara sertifikatlar təqdim edilib.