21 may 2025 18:29
124

Macarıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Macarıstana səfəri tədbirin keçirildiyi ölkənin mətbuatında geniş işıqlandırılır.

“İki sahil” xəbər verir ki, bu mövzuda yerli mətbuatda geniş materiallar dərc olunur.

“Magyarn Nemzet” “Macar Milləti” qəzetində dərc olunan “Viktor Orban: Macarıstan sülh üçün çalışan hər kəsi dəstəkləyir” sərlövhəli məqalədə oxuculara qeyri-rəsmi Zirvə görüşü barədə ətraflı məlumat verilir. “Macarıstanda Şərqlə Qərb qovuşur”, -yazan nəşr bildirir ki, Macarıstanın Baş naziri sosial şəbəkədəki səhifəsində yayımladığı videoçarxda “Azərbaycan Prezidenti Macarıstan kimi sülh naminə çalışır” fikrini ifadə edib.

İlham Əliyevin Budapeştə səfəri fonunda nəşr TDT-nin Mərkəzi Asiya və Avrasiya regionlarının siyasi və iqtisadi əlaqələrində getdikcə daha vacib oyunçuya çevrildiyini vurğulayır. Eyni zamanda, Macarıstanın bu təşkilatdakı rolu durmadan artır.

“Sülh sadəcə hərbi məsələ deyil. Hazırda bu, daha çox iqtisadi sahədə ən vacib məsələdir. Müharibələr məhv edir, diplomatiya isə yaradır. Macarıstan sülh üçün çalışan hər kəsi, o cümlədən müttəfiqimiz Azərbaycan Prezidentini dəstəkləyir. Bizim atdığımız hər bir addım önəmlidir”, - deyə Baş nazirin sosial şəbəkədəki profilində yerləşdirdiyi videoda deyilir.

“Index.hu” saytında dərc olunan “Viktor Orban bizə hər zaman hansı ölkəyə arxalana biləcəyimizi söyləyir” adlı məqalədə müəlliflər Viktor Orbanın “türk ölkələri olmadan Macarıstanın etibarlı enerji təchizatı da mümkün olmazdı” sözlərini sitat gətirirlər. Materialda Azərbaycan Prezidenti ilə birgə mətbuata bəyanatla çıxış edən Orbanın türk ölkələri olmasaydı, ailələrin bu gün enerjiyə iki-üç dəfə çox pul ödəyə biləcəyi fikirləri xatırladılır. “Türk dostlarımız olmasaydı, Macarıstanda qazın qiymətini aşağı salmaq mümkün olmazdı”, - deyən Baş nazir Azərbaycandan ilk qaz partiyasının ötən il gəldiyini və bu il də bunun belə olacağına söz verildiyini vurğulayıb.

Məqalədə qeyd olunur: “Orban vurğulayıb ki, Macarıstan son onilliklərdə istər xarici siyasətdə, istər maliyyə, istərsə də enerji sahəsində hansı çətinliklərlə üzləşməsindən asılı olmayaraq, həmişə Azərbaycana arxalana bilər”. Nəşr onu da yazır ki, macar lideri öz bəyanatında qeyd edib: biz təhdidlər dövründə yaşayırıq və qlobal təhlükəsizlik sınaqdan keçirilir. Məqalədə daha sonra deyilir: “Belə bir məqamda dost ölkələrin görüşü və ikitərəfli münasibətləri, beynəlxalq vəziyyəti təhlil etməsi vacibdir. Hazırkı beynəlxalq siyasi vəziyyətdə etibarlı tərəfdaşlar daha da dəyərlidir. Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfə Macarıstanda sammit keçiriləcək və bununla bağlı Azərbaycan Prezidenti Macarıstanı təbrik edib”.

Bundan əlavə, “Index.hu” xəbər verir ki, Azərbaycan Prezidenti Macarıstan-Azərbaycan əlaqələrinin uğurlu inkişafını və onların dostluq xarakterini yüksək qiymətləndirib. Nəşrdə Macarıstanın TDT sammitinə müşahidəçi dövlət kimi ev sahibliyi etməsinin bu ölkənin tarixi kökləri ilə sıx bağlı olduğunu göstərən Prezident İlham Əliyevin nitqinə ətraflı yer verilib. Azərbaycan Prezidenti Macarıstanı əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edib, onun müstəqil xarici siyasət yürüdən nadir ölkələrdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub və Azərbaycan bunu alqışlayır. Nəşr İlham Əliyevdən sitat gətirir: “O, Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub və nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub”.

“Index.hu” xarici işlər və ticarət naziri Peter Siyartonun türk dövlətləri ilə əməkdaşlığın Macarıstanın etibarlı enerji təchizatını daha yaxşı təmin edəcəyini və Brüsseldən gələn müxtəlif qərarlar nəticəsində macar ailələrinin elektrik enerjisi haqqını ikiqat ödəmək məcburiyyətində qalmasının qarşısını alacağını söyləyən bəyanatını da yayıb. Nəşrin yazdığına görə, hələ TDT sammitindən əvvəl Siyarto bəyan edib ki, son illərin böhranları türk dövlətləri ilə əməkdaşlıq etmədən Macarıstanın etibarlı enerji təchizatına malik ola bilməyəcəyini açıq şəkildə göstərib. Onun sözlərinə görə, bu, hökumətin türk ölkələri ilə mümkün qədər sıx əməkdaşlığın qurulmasına yönəlmiş xarici siyasət strategiyasının düzgünlüyünü təsdiqləyir.

Siyarto vurğulayıb: “Hazırda Macarıstana təbii qaz tədarükü demək olar ki, tamamilə Türkiyə üzərindən həyata keçirilir. Macarıstanın böyük enerji şirkətləri Azərbaycanın neft və qaz yataqlarında pay alıb və bu o deməkdir ki, hər il milyonlarla kubmetr təbii qaz və yüz minlərlə barel neft qlobal enerji bazarlarına çıxarılır və bu da tamamilə yeni ölçüdür. Neft və qaz yataqlarında qazma işləri uğurla başa çatıb və hasilata başlanılıb, Özbəkistan və Qırğızıstan isə artıq Macarıstan texnologiyasından istifadə etmək niyyətində olduqları nüvə enerjisi proqramlarını həyata keçirməyə başlayıblar”. O, həmçinin vurğulayıb ki, bütün bunların nəticəsində Macarıstanla türk ölkələrinin əməkdaşlığı onun ölkəsinin enerji təchizatının təhlükəsizliyi baxımından çox mühüm fayda təqdim edir. Nazir xatırladıb ki, cəmi 11-12 il əvvəl Avropa Macarıstan hökumətinin türk ölkələri ilə əlaqələr qurmağa başladığına gülürdü, amma indi Avropa liderlərinin özləri bu regiona uçaraq “qapı dəstəyini” bir-birinə verirlər.

“Nepsava” nəşri, öz növbəsində, “Viktor Orban: türk dostlarımız olmasaydı, heç bir ucuzlaşma olmazdı. Azərbaycana hər zaman arxalanmaq olar” sərlövhəli məqalə dərc edib. Materialda qeyd olunduğu kimi, Baş nazir deyib ki, türk ölkələri olmasaydı, Macarıstan etibarlı enerji təchizatına malik olmazdı və ailələr enerji üçün indikindən iki-üç dəfə çox pul ödəyəcəkdi.

Portal Orbana istinadla yazır ki, Azərbaycan həmişə tərəfdaş olub və bunu nəzərə almaq lazımdır. Ötən onilliklərdə Macarıstan nə qədər çətinliklərlə üzləşsə də, dost ölkə onun yanında olub. “Biz təhdidlər dövründə yaşayırıq və qlobal təhlükəsizlik sınaqdan keçirilir. Belə vaxtlarda dost ölkələrin ikitərəfli münasibətləri və bir araya gələrək beynəlxalq vəziyyəti təhlil etməsi vacibdir" deyə nəşr Orbandan sitat gətirir. Müəllif hazırkı beynəlxalq siyasi vəziyyətin etibarlı tərəfdaşları daha da dəyərli etdiyini əlavə edir.

“Mandiner” nəşri “Enerji təchizatı təmin edilir, Orban bu məsələdə Macarıstanın qələbəsini elan edib” sərlövhəli məqaləsində Baş nazirin “Türk dostlarımız olmasaydı, Macarıstanda enerji xərclərinin azaldılması mümkün olmazdı” sözlərini də sitat gətirir.

Məqalədə iki liderin yuxarıda qeyd olunan nəşrlərin yazılarında da öz əksini tapmış bəyanatlarından məqamlar yer alıb. Digər nəşrlərdə olmayan isə, “Mandiner”in Orbanın çıxışının Brüsseli tənqid edən hissəsinə yer verməsidir. Nəşr Baş nazirə istinadla yazır ki, Macarıstan artıq 3 ildir müharibə zonası ilə qonşuluqda yaşayır. Müharibə və sanksiyalar nəticəsində Macarıstan iqtisadiyyatı artıq 20 milyard avrodan çox vəsait itirib. “Orban bildirib ki, Avropa İttifaqı müharibənin təcridini və genişləndirilməsini seçir, o, sülh əvəzinə müharibənin tərəfinə keçib və bu, ciddi ziyan vurub. Avropa iqtisadiyyatı da çətin vəziyyətdədir, çünki müharibə və sanksiyalar indiyədək uğurlu iqtisadi artımın strateji əsaslarını məhv edib”, -deyə müəlliflər yazır. Baş nazirin sözlərinə görə, Avropa iqtisadiyyatı indi “kompassız yönümlüdür” və bunun nəticəsi avropalıların daimi enerji böhranı şəraitində yaşamasıdır. “Biz Avropada qaz və elektrik enerjisinə Amerikadan üç-dörd dəfə çox pul ödəyirik və bu, rəqabətqabiliyyətli iqtisadiyyat qurmağı mümkünsüz edir”, -yazan “Mandiner” Macarıstan liderinin sözlərindən sitat gətirir. Orban onu da qeyd edib ki, Macarıstan Rusiya ilə enerji əlaqələrini saxlamaq üçün mübarizə aparıb, lakin buna cavab olaraq ukraynalılar qaz kəmərini bağlayıblar. “Sonra biz türk dostlarımızla razılaşdıq ki, enerji resurslarını cənubdan alacağıq”, -deyə o xatırladıb.

“Eurazsiamagazin.hu” portalında dərc olunan “Bu gün Macarıstanın enerji təhlükəsizliyi türk dövlətləri ilə əməkdaşlıq etmədən mümkün deyil” sərlövhəli məqalə Macarıstanın türk dövlətləri ilə əməkdaşlığına dair bəyanatı ehtiva edir. Qeyd olunur ki, bu, Macarıstanın etibarlı enerji təchizatını daha yaxşı təmin edəcək və Brüsseldə qəbul edilən qərarlar nəticəsində macar ailələrinin kommunal xidmətlər üçün daha çox ödəməli olmasının qarşısını alacaq. Bütün bunlar hökumətin TDT dövlətləri ilə mümkün qədər sıx əməkdaşlığın qurulmasına yönəlmiş xarici siyasət kursunun düzgünlüyünü təsdiqləyir.

Nəşr yazır ki, Peter Siyarto Macarıstan-TDT əməkdaşlığının ölkənin etibarlı enerji təchizatı baxımından böyük dəyərə malik olduğunu vurğulayıb. “Mübaliğəsiz demək olar ki, türk dövlətləri ilə səmərəli enerji əməkdaşlığı olmadan Macarıstanın enerji təhlükəsizliyi təmin edilə bilməz”, -deyə müəlliflər Xarici İşlər Nazirliyi rəhbərinin sözlərindən sitat gətirirlər.

“Türk  dövlətləri ilə əməkdaşlıq həm də ona görə vacibdir ki, Aİ Brüsseldən keçən ənənəvi enerji təchizatı marşrutlarını kəsmək istəyir. Brüssel istəyir ki, Macarıstanın enerji təchizatı təmin olunmasın, macar ailələri kommunal xidmətlərə bu günədək ödədiklərindən bir neçə dəfə çox pul ödəsinlər. Lakin türk dövlətləri ilə əməkdaşlıq bizə Macarıstanın etibarlı enerji təchizatını davam etdirmək, milləti itkilərdən qorumaq və Brüsselin macar ailələrini enerjiyə görə dəfələrlə çox pul ödəməyə məcbur etməsinin qarşısını almaq imkanı verir”, – deyə nəşr nazirin sözlərindən sitat gətirir.

“İndi aydın oldu ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıq iqtisadi və enerji təhlükəsizliyi baxımından çox sərfəlidir. Biz bunu sadəcə dəstəkləmirik, artıq on ildən çoxdur ki, əməkdaşlığı qururuq və bu, təkcə yaxşı əməkdaşlıq deyil, həm də dostluq və strateji ittifaqdır. Macarıstan bu əməkdaşlıqdan böyük fayda əldə edir”, – deyə o bildirib və diqqəti ona da yönəldib ki, TDT ilk dəfədir Avropada və müşahidəçi statusuna malik ölkədə sammit keçirir.

“Əgər biz o vaxt kənardan gələn bəhanələrə uysaydıq və bu əməkdaşlığa başlamasaydıq, iqtisadi göstəricilərin yüksəlməsinə kömək edən bir çox imkanı əldən vermiş olardıq. Bu gün Brüsseldən gələn hücumlara görə biz sadəcə ölkənin enerji təhlükəsizliyini təmin edə bilməzdik. Əgər biz o vaxt fürsətçi olsaydıq, bizi təzyiqlər qorxutsaydı, indi ciddi problemlərimiz olardı”, – deyə Siyarto sözlərini yekunlaşdırıb.

Eyni materialda Baş nazir Viktor Orbanın bu sözləri yer alıb; “sülh prosesində hər bir uğur son dərəcə vacibdir”. Nəşr qeyd edir ki, görüş zamanı Orban Əliyevi Ermənistan ilə Azərbaycan arasında sülh sazişi mətninin razılaşdırılması münasibətilə təbrik edib. O bildirib ki, bu, müharibənin diplomatik yolla necə başa çatdırıla biləcəyinə dair yaxşı nümunədir. “İndiki qeyri-sabit beynəlxalq dünyada istənilən sülh uğuru Macarıstan üçün son dərəcə vacibdir”, – deyə Baş nazir bildirib və əlavə edib ki, “biz təhdidlər dövründə yaşayırıq, qlobal təhlükəsizlik sınaqlarla üz-üzədir və belə zamanlarda dost ölkələr üçün görüşmək, ikitərəfli münasibətləri və beynəlxalq vəziyyəti təhlil etmək vacibdir”.

Bundan başqa, hökumət başçısı etiraf edib ki, onun komandası Azərbaycan tərəfindən MVM və MOL şirkətlərinə Azərbaycanın neft-qaz yataqlarında və boru kəmərlərində pay almağa icazə verilməsini yüksək qiymətləndirir. “Bu, bizi dünya enerji bazarında hər il yüz milyonlarla kubmetr təbii qaz və yüz minlərlə barel neftlə təmin edəcək”, – deyə Orban vurğulayıb və əlavə edib ki, Azərbaycanın neft-qaz yataqlarında iştirak etmək həm iqtisadi, həm də psixoloji baxımdan son dərəcə vacibdir.

Öz növbəsində, “Demokrata” analitik saytı Bakı ilə Budapeşt arasında əməkdaşlığın bərpaolunan enerji mənbələrinə qədər genişləndirilməsi barədə razılaşma əldə olunduğunu bildirib. Yazıda qeyd olunur ki, iki liderin görüşündə iqtisadi məsələlər müzakirə olunub, o cümlədən “ən vacib iqtisadi məsələ sülhlə bağlıdır”.