21 may 2025 19:12
136

“Türk Dünyasının Gənc Gücü: Bir Millət, Üç Dövlət Vizyonu” FOTO

Mayın 20-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ev sahibliyi ilə Yeni Azərbaycan Partiyası (YAP), Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və ŞKTC-nin Ulusal Birlik Partiyasını (UBP) təmsil edən gənclərin iştirakı ilə “Türk Dünyasının Gənc Gücü: Bir Millət, Üç Dövlət Vizyonu” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimində çıxış edən ŞKTC-nin Prezidenti Ersin Tatar Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin mühüm prioritet olduğunu bildirərək bu istiqamətdə həyata keçirilən fəaliyyətin əhəmiyyətini qeyd edib. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk xalqlarını ortaq dəyərlərin birləşdirdiyini söyləyən Ersin Tatar konfransın gənclər arasında səmərəli fikir mübadiləsinin aparılması baxımından önəmini nəzərə çatdırıb.

ŞKTC-nin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstel isə çıxışında üç ölkənin müştərək hədəflərinin reallaşdırılmasında gənclərin rolunu vurğulayıb. O, YAP, AK Parti və UBP arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumunun önəminə toxunaraq hakim partiyaların gənclərini bir araya gətirən “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin birgə fəaliyyət və təcrübə mübadiləsinin təşviqi xüsusunda əhəmiyyətini qeyd edib.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, hər üç ölkənin gənclərinin ortaq məqsədlər ətrafında birləşməsi müstəsna əhəmiyyətə malikdir: “Bu gün Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən olan gənclərin bir araya gəlməsi liderlərimizin siyasi iradəsinin nəticəsi, partiyalarımız arasındakı səmimi dostluq münasibətlərinin təzahürüdür. Biz bu birliyi yeni ideya və təşəbbüslərlə daha da gücləndirərək gələcəyə daşımalıyıq”.

Ulusal Birlik Partiyasının Baş katibi Oğuzhan Hasipoğlu, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan, UBP-nin Gənclik Qollarının təmsilçisi Mahmud Hüdaverdi, Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının rəhbəri Yusuf İbiş və Türkiyə Böyük Millət Məclisinin üzvü Zəhranur Aydəmirin də çıxış etdikləri konfrans panel sessiyaları ilə öz işini davam etdirib.

Daha sonra müxtəlif mövzularda təşkil olunan dəyirmi masalarda hakim partiyaların gənclər təşkilatları arasında birgə fəaliyyətin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Sonda konfrans iştirakçılarına təşəkkürnamələr təqdim olunub.