21 may 2025 19:32
124

Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib

Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans keçirilib. 

“İki sahil” xəbər verir ki, konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zafer Sırakaya, Türkiyə Böyük Millət Məclisinin (TBMM) komitə sədrləri, sədr müavinləri və digər üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet  rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb. 

Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib. 

Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxuyub və Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.

Konfrans öz işini panel müzakirələrlə davam etdirib. Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci panel türkiyəli tarixçi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru Prof. Dr. Kamal Çiçəyin moderatorluğu ilə baş tutub. Paneldə  tanınmış tarixçi professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxış ediblər. 

TBMM-in Qadınlar və Kişilər arasında İmkan Bərabərliyi Komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda baş tutan ikinci paneldə TBMM-in Komissiya sədrləri Vedat Bilgin və  Derya Yanık, TBMM-in üzvü Zeynep Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı  və Muharrem Kılıç çıxış ediblər.

Panellərin sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.  

Konfransın bağlanış sessiyasında Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisinin deputatı, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Sonda konfrans iştirakçıları adından tədbirin yekun sənədi qəbul edilib, həmçinin birgə foto çəkdirilib. ("Report")