22 may 2025 18:13
110

İcma: Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 21-də Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayır.

“İki sahil” xəbər verir ki, bu barədə İcmadan məlumat verilib. 

Bildirilib ki, Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə təhrif olunmuş  bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir.

Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir.

"İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək", - deyə açıqlamada qeyd olunub.