22 may 2025 20:13
97

Məzahir Əfəndiyev Göyçay və Ağdaşda idman ictimaiyyəti ilə görüş keçirib

Son illərdə Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində ölkədə müasir idman infrastrukturu yaradılıb, regionlarda İdman Olimpiya Kompleksləri inşa olunub, gənclərin idmana cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu gün idman gənclərin sağlam həyat tərzinə yiyələnməsində, onların fiziki və vətənpərvər ruhda inkişafında, eləcə də ölkənin beynəlxalq arenada təmsil olunmasında mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, bu istiqamətdə regionda görülən işlərlə yaxından tanış olmaq, qanunvericilik çərçivəsində dəstək olmaq məqsədilə 22 may 2025-ci il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfəri çərçivəsində Göyçay və Ağdaş rayon İdman Olimpiya Komplekslərini ziyarət edib, mövcud infrastrukturla tanış olub və yerli idman ictimaiyyəti ilə görüş keçirib.

Ziyarət zamanı Məzahir Əfəndiyev hər iki rayonda fəaliyyət göstərən İdman Olimpiya Komplekslərinin texniki vəziyyəti, idman zallarının fəaliyyəti, gənclərin məşğulluq imkanları və ümumilikdə idman mühiti ilə yaxından tanış olub. Deputata komplekslərdə həyata keçirilən tədbirlər, həmçinin uşaq və gənclərin müxtəlif idman növlərinə cəlb olunması ilə bağlı ətraflı məlumat verilib.

Millət vəkili komplekslərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, regionlarda idman infrastrukturunun inkişafı və gənclərin idmana yönləndirilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir. O bildirib ki, bu sahədə görülən işlər yalnız idman göstəricilərini deyil, həm də cəmiyyətin, xüsusilə gənc nəslin sağlamlıq və vətənpərvərlik ruhunun güclənməsini təmin edir.

Səfər çərçivəsində Məzahir Əfəndiyev həmçinin Göyçay və Ağdaş rayonlarının idman ictimaiyyəti ilə görüş keçirib. Görüşdə rayonda fəaliyyət göstərən məşqçilər, idman müəllimləri, və idmançılar iştirak ediblər. Görüş zamanı iştirakçılar idman sahəsində mövcud vəziyyət, inkişaf perspektivləri və həyata keçirilən layihələr barədə deputata məlumat veriblər.

Millət vəkili iştirakçıların səsləndirdiyi fikirləri dinləyib, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirib və bir sıra məsələlərin aidiyyəti qurumlar qarşısında qaldırılacağını qeyd edib. 

M.Əfəndiyev vurğulayıb ki, 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət idman siyasəti yeni bir mərhələyə yüksəldi, və bu iş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınması təmin olunur. 

Sonda deputut xalqımızın qürür və sevinclə qeyd etdiyi “Konstitusiya və Suverenlik İli”ndəgənclərimizin daha fəal olmalarını, qarşıya qoyulan hədəflərə çatmalarında, eləcə də və idman ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.