23 may 2025 15:33
114

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək fermerlər üçün keçirilən mina təhlükəsizliyi təlimləri başa çatıb.

“İki sahil” xəbər verir ki, təlimlər Füzuli rayonu, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunub. 9 aprel tarixində başlayan sessiyalara 23 may tarixində Gəncə şəhərində yekun vurulub. 2025-ci il yaylaq mövsümü ərəfəsində ümumilikdə 12 mina təhlükəsizliyi təlimi keçirilib.

Son təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında baş tutub. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan sessiyalarda azad olunmuş ərazilərdə davranış qaydaları, mina və partlamamış sursatların tanınması, təhlükələrin qarşısının alınması və şübhəli ərazilərdə düzgün hərəkət prinsipləri haqqında ətraflı məlumat verilib. Təlimlərdə iştirak edən fermerlərə müxtəlif növ sursat nümunələri göstərilib, vizual tanıma üçün praktik materiallar təqdim olunub. Həmçinin maarifləndirici təlimat kitabçaları, broşürlər, plakatlar paylanılıb.

Təlimləri uğurla başa vuran fermerlər, işğaldan azad edilmiş yaylaq ərazilərində fəaliyyət göstərə bilmələri üçün davranış qaydalarına dair iltizamnamə imzalayıblar. Bu sənədi imzalamış fermerlər yalnız bundan sonra yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

Tədbirlərə Kəlbəcər və Laçın yaylaqlarında mövsüm keçirməyi planlaşdıran 4276 fermer qatılıb. Təlimləri uğurla tamamlayan fermerlərin bir hissəsinə artıq azad olunmuş ərazilərə daxil olmaq üçün uzunmüddətli icazələr təqdim olunub. Hazırda fermerlərin yaylaqlara köçü mərhələli şəkildə davam edir.