23 may 2025 21:22
99

"Şanlı tariximiz - Azərbaycan Xalq Cümhuriyyəti-107"

Mayın 23-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi "Şanlı tariximiz - Azərbaycan Xalq Cümhuriyyəti-107" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarov, Qaradağ rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Səmayə Şıxəliyeva, YAP Qaradağ rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsinin önünüə gül dəstələri qoyaraq xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Şanlı tariximiz - Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda videoçarx nümayiş etdirilib. 

Dəyirmi masanı giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədri Qafar Əliyev ştirakçıları salamlayaraq  Azərbaycanın qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu, ölkəmizin ərazisində qədim dövrlərdən başlayaraq müxtəlif dövlətlərin mövcud olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının da tarixi keçmişimizin şanlı səhifələrindən birini təşkil etdiyini bildirib. Rusiya imperiaysının dağılması nəticəsində   müstəqilliyini yenidən qazandığını qeyd edən Qafar Əliyev xüsusi vurğulayıb ki, 1918-ci ilin mayında elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ən böyük xidməti ölkənin idaretmə forması kimi respublika quruluşunu seçmələri idi. Belə ki, məhz həmin quruluş demokratik idarəetməni təmin etməklə yanaşı, həmçinin xalqın iradəsini ifadə edir və insan hüquq və azadlıqlarına təminat verir. Azərbaycan Xalq Cümhuriyyəti həm ölkə, həm də Yaxın Şərq tarixində ilk demokratik dövlət olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sonralar formlaşalacaq respublikaların təməli rolunu oynayıb. YAP rayon təşkilatının sədri qeyd edib ki, hazırda Azərbaycanda mövcud olan müasir müstəqil dövlətimiz özündən əvvəlki iki respublikanın varisidir və onların ən yaxşı cəhətlərini özündə birləşdirir. Həmin respublikaların formalaşmasında və inkişafında Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov,Nəriman Nərimanov və başqalarının misilsiz xidmətləri olmuşdur. Xalqımızın Ümumilli lideri Heydər Əliyevin və Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyevin sayəsində müasir Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi əbədilik qazanmışdır. O, bildirib ki, müasir dövlətçiliyimizin bünövrəsinin həmin vaxt düzgün seçilməsi sayəsində bu gün Azərbaycan Respublikası  regionun güclü və aparıcı dövlətindən birinə çevrilib.

Dəyirmi masada əsas məruzə ilə çıxış edən AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, həyata keçiridiyi islahatlar, qəbul etdiyi qərarlar barədə ətarflı məlumat verib. O qeyd edib ki, Şərqin ilk demokratik dövləti olan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq, çoxlu sayda ilkə imza atıb. Bu ilklər sırasında müsəlman Şərqinin ilk demokratik respublikasının elan olunması, qadınlara kişilərlə bərabər seçki hüququnun bir çox Avropa ölkələrindən qabaq verilməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanın ilk xəritəsinin hazırlanaraq Paris Sülh Konfransında beynəlxlaq ictimaiyyətə təqdim olunması, arxiv sənədlərinin toplanması üçün xüsusi fondun yaradılması, ilk muzeyin təsis edilməsi, ordunun və hüquq-mühafizə orqanlarının formalaşdırılması xüsusi yer tutur.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikasının bu Cümhuriyyətin varisi olmaqla yanaşı, onun ən yaxşı cəhətlərini özündə birləşdirdiyini qeyd edən M.Ağalarov bildirib ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə və etbarlı tərfdaşa çevrilib. Bütün bunlar ölkəmizin daha böyük və xoşbəxt gələcəyə nail olacağını bir daha təsdiq edir və hər bir vətəndaşımız Ulu öndər Heydər Əliyev kimi “Fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsini böyük qürurla təkrar edir.

Tədbir iştirakçılarının Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə sualları dosent Mübariz Ağalarov tərəfindən ətraflı cavablandırılıb.

Dəyirmi masada digər çıxış edənlər:  Qaradağ rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, 106 nömrəli tam orta məktəbin tarix müəllimi Mehman Əhmədov, Vətən müharibəsi qazisi Bəhrəm Rəcəbli, Qaradağ Ağsaqqallar Şurasının sədri, yazıçı Ramin Məmmədov və digərləri bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixi baxımdan çox qısa müddət mövcud olmasına baxmayaraq, bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu istiqamətində atdığı əhəmiyyətli addımlarla xalqımızın tarixində silinməz iz qoyub. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması sayəsində Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün həmin siyasət Ulu öndərin ən layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbəriyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq və bərpa işləri hər bir azərbaycanlının qəlbində böyük qürur və iftixar hissləri doğurur.

Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 2020-ci ilin sentyabrında başlanan 44 günlük İkinci Qarabağ Vətən Müharibəsindən sonra  Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərə imza atıldığını və bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin real məzmun aldığını xatırladan YAP Qaradağ rayon təşkilatının sədri, bu tarxi qələbə ilə müstəqilliyimizin əbədi olduğunu, ərazilərimizin  işğalına və ölkə ərazisində separatizmə tam və qəti şəkildə son qoyulduğunu xüsusi qeyd edib.

Zamin Məmmədov, "İki sahil"