Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın əsas xarici siyasət istiqamətlərindən biridir. Eyni zamanda Azərbaycan-Macarıstan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanaraq hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Hazırda, ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Səfər çərçivəsində keçirilmiş görüşlər və verilən bəyanatlar hər iki dövlətin ortaq dəyərlərə və strateji məqsədlərə əsaslanan səmimi və sabit münasibətlərinin dərinləşdiyini bir daha sübut edir.
Azərbaycan-Macarıstan münasibətlərinin tarixinə nəzər salsaq, iki ölkə arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu və müsbət dinamikası ilə seçildiyini deyə bilərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Macarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
Azərbaycan-Macarıstan münasibətlərində enerji sahəsi də xüsusi yer tutur. Macarıstan şirkətləri ölkəmizin əsas neft və qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də iştirak edir, gələn ilin əvvəlində isə daha bir yeni kontraktın imzalanması gözlənilir. Bununla yanaşı, Azərbaycan artıq Macarıstana təbii qaz ixracına başlayıb və bu sahədə əməkdaşlıq sürətlə genişlənməkdədir. Enerji təhlükəsizliyi məsələlərinin Avropa gündəmində prioritet təşkil etdiyi bir dövrdə Azərbaycanın etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi çıxış etməsi Macarıstan üçün strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı qaz təchizatında şaxələndirməni təşviq edir və bu istiqamətdə Macarıslanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları, güclü nəqliyyat infrastrukturu və geniş beynəlxalq enerji şəbəkəsinə inteqrasiyası Macarıstana təbii qaz ixracının həcmini tədricən artırmağa real imkanlar yaradır. Həmçinin bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin Avropa üçün strateji rolunu bir daha təsdiqləyir və dövlətimizin enerji strategiyasının əsas elementlərindən biri kimi Avropa bazarlarında iştirakını möhkəmləndirir. Beləliklə, enerji sahəsindəki bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan da xüsusi önəm daşıyır.
Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir.
Bütün bunları nəzərə alaraq deməliyik ki, Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr üçün nümunədir. Dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından çox şey öyrənir. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu ölkə kimi dünya böyük nüfuza və gücə malikdir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Və bu xəritənin cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir.
Anar Məmmədov,
Milli Məclisin deputatı