24 may 2025 10:02
74

Türk dünyasının böyük mütəfəkkiri - Doktor Cavad Heyət

Bu il mayın 24-də o sahili, bu sahilli Azərbaycanın böyük oğlu, İranda və bütün türk dünyasında fədakar alim-cərrah və ədəbiyyatşünas kimi tanınan, yüksək  dəyərləndirilən, Azərbaycan türk varlığını əsərlərində və 1979-cu ildən sahibi-naşiri olduğu "Varlıq" jurnalında  tədqiq və tərənnüm edən Doktor Cavad Heyətin anadan olmasının 100 illiyi tamam olur.

Doktor Cavad Heyət hələ sovetlər dönəmində, 1982-ci və 1987-ci illərdə Azərbaycanın görkəmli tibb professoru, beyin cərrahı  Nurəddin Rzayevin dəvəti ilə  Bakıya gəlməyə nail olmuş, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və başqa görkəmli alim və ədiblərimizlə yaxın tanışlıq və dostluq əlaqələri qurmuşdu.  Ölkəmiz müstəqillik qazandıqdan sonra tez-tez Azərbaycan Respublikasına səfər edən Cavad Heyət bizim tanınmış elm və mədəniyyət xadimlərimizin, yaradıcı  ziyalılarımızın çevrəsində sevilən və dəyərləndirilən həmvətənimizə çevrilmişdi. Onun milli istiqlal şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu böyük şəxsiyyətlərin böyük dostluğunun nümunəsi  idi. Bu dostluq, eyni zamanda, xarici səbəblər üzündən güneyli – quzeyliyə bölünmüş Azərbaycan xalqının vahidliyinin, birliyinin və bölünməzliyinin təcəssümü idi. Müstəqillik illərində Cavad Heyət Azərbaycanın bir çox universitetlərinin və elmi qurumlarının fəxri doktoru seçilmiş, onun 70 illiyi, 80 illiyi, 85 illiyi ölkəmizdə yüksək səviyyədə qeyd edilmiş, bir çox kitabları Bakıda  nəşr edilmiş, eləcə də haqqında bir sıra kitablar, məqalələlər yazılmışdı.

Bu sətirlərin müəllifinin 1993-cü ildə Naxçıvan Dövlət Universitetində Doktor Cavad Heyətlə tanışlıqdan başlanan dostluğu Tehranda diplomatik xidmətlə əlaqədar çalışdığı 1996-2001-ci illərdə daha da yaxın və səmimi olmuş və bu mənəvi bağlılıq böyük şəxsiyyətin vəfatınadək davam etmişdir.

Doktor Cavad Heyət 13 avqust 2014-cü ildə Bakıda vəfat etmişdir.  Azərbaycan Milli Elmlər Akademiyasında avqustun 14-də bu böyük mütəfəkkirlə vida mərasimi keçirilmiş, vəsiyyətinə uyğun olaraq Bakıda, dövlət səviyyəsində təşkil edilən mərasimlə İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

 Ulu Öndər Heydər Əliyev Cavad Heyətin şəxsiyyətini, milli-mədəni sahədəki fəaliyyətini yüksək qiymətləndirirdi və 1994-cü  ildən başlayaraq bir neçə dəfə onu qəbul edərək səmimi söhbətlər etmiş, aralarında dostluq münasibəti yaranmışdı. Cavad Heyət 2007-ci il iyunun 23-də Tehranda AZƏRTAC-ın müxbirinə verdiyi  müsahibədə  Heydər Əliyevin onu özünə dost bilməsini yüksək dəyərləndirərək deyirdi ki, mən bu bu dahi insanın fikirlərindən, sözlərindən, prinsiplərindən həmişə bəhrələnmişəm. O, həqiqətən öndər, dahi şəxsiyyət idi. Azərbaycanı bəlalardan xilas etmiş Heydər Əliyev ən böyük adlara layiqdir.

Prezident İlham Əliyev də Cavad Heyətə diqqət və qayğı göstərirdi.  2005-ci il iyunun 27-də onu qəbul etmiş, fəaliyyətini yüksək dəyərləndirmiş və ölkəmizə tez-tez səfərə gələn bu fədakar alimimizə Bakının mərkəzində ev hədiyyə etmişdi. Həyatının son 9 ilini Bakıya gələndə Nizami küçəsindəki geniş  evində keçirən Doktor Cavad Heyətin qapısı həm bütün xəstələrinin, həm də dostlarının üzünə açıq idi. Cavad Heyət Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə çox sevinirdi. O, yuxarıda adı çəkilən müsahibəsində demişdi: ” Mən inanıram ki, Azərbaycan Prezident Heydər Əliyev yolu ilə sonadək inamla irəliləyəcəkdir. Çünki İlham Əliyevin bu şərəfli missiyada güvəndiyi Azərbaycan xalqı, bəhrələndiyi Heydər Əliyev dühasıdır”.

Qeyd edilməlidir ki, Birinci Qarabağ müharibəsi zamanı, ölkəmizin ən ağır günlərində dünya şöhrətli cərrah, Tehranda “Cavid” klinikasının rəisi Doktor Cavad Heyət yaralanmış yüzdən çox vətəndaşımızın İranda müalicəsini təmin etmiş, onlarla Qarabağ qazisini həyata qaytarmış, Cənubi Azərbaycan həkimlərini Azərbaycanda və İranın müxtəlif şəhərlərində yaralı əsgərlərimizin müalicəsinə cəlb etmiş, ölkəmizə tibbi dəstək sahəsində çox genişmiqyaslı fəaliyyət göstərmişdir. Ermənistanın Qarabağı işğalının və xalqımıza divan tutulmasının ağrılarını yaşayan Doktor Cavad Heyətin bununla əlaqədar 1993-cü ildə Türkiyə Prezidenti Süleyman Dəmirələ göndərdiyi   məktubunu həm də “Varlıq” dərgisində dərc etməsi İranda xoş qarşılanmasa da, ona ciddi maneələr törədilmədi. Bu  məktubun ruhu və müəllifin umacağı olduqca təbii və insani idi , bu hər zaman erməni təəssübşeşliyi mövqeyində dayanan İranın rəhbərliyinə də ciddi ismarış idi.

Qeyd edilməlidir ki, Cavad Heyətin elmi və maarifçilik fəaliyyətinin zirvəsində onun təşəbbüsü və yaxın məsləkdaşlarının iştirakı ilə 1979-cu ilin aprelində - İranda şahlıq rejiminin devrilməsindən bir neçə ay sonra təsis edilən “Varlıq” dərgisi dayanır. “Varlıq” dərgisinin Yazıçılar Heyəti bəyan edirdi ki, “bu məcmuə Azərbaycan xalqının milli və mədəni varlığına, doğma dil və ədəbiyyatına, geniş sahəli folklor və el yaradıcılığına, iftixarlı keçmişinə, tükənməz bədii və hünəri qüdrətinə yol açmaq və onu təzə tarixi-ictimai şəraitdə daha insani, daha demokratik və daha qabaqcıl ülgülər ilə erayə etmək (irəli sürmək) arzusu ilə ortaya çıxır”.

“Varlıq” dərgisinin ilk sayında Doktor Cavad Heyətin və əqidə yoldaşlarının dərc etdikləri məqalələrdə keçmiş rejimdə Azərbaycan türkcəsində nəşrlərin qadağan edildiyi, belə bir dilin varlığını dilə gətirməyin yasaqlandığı, olan nəşrlərin və naşirlərin təqib edildiyi, dilimizin ictimai salonlardan, məclislərdən “qovulduğu”, danışmaq və yazmağın cinayət sayıldığı kəskin tənqid edilirdi. Milli musiqimizin ifasının qadağan edildiyi qeyd olunurdu. Qeyd olunurdu ki, bir milyondan çox azərbaycanlının yaşadığı Tehran şəhərinin (1979-cu il nəzərdə tutulur, indi ən azı beş milyon nəfər olar -E.M)  televiziyasında Azərbaycan türkcəsində verilişlərə rast gəlinmir. Teatrımız son nəfəslərini verdi... Vurğulanır ki, “nə yaxşı ki, dilimiz savadsız, namuslu və zəhmətkeş kəndli və işçilərimizin qeyrətinə əmanət oldu. Münəvvərlərimizin (aydınlarımızın)  əksəriyyəti çoxdan farslaşdılar, yadlara yarınmaq, xalqımız və dilimizə ədavət yolunda, şairin dediyi kimi, düşmənləri belə keçdilər və onları heyran qoydular.

Qeyd edilməlidir ki, Bəxtiyar Vahabzadənin məşhur “ Ana dili” şeirinin “Varlıq” dərgisinin ilk sayında Şəhriyarın, Səhəndin şeirləri ilə yanaşı yer alması heç də təsadüfi deyildi. Bu şeirin qayəsi dərginin ana dili uğrunda mübarizəsinə birbaşa xidmət edirdi:

...Bu dil tanıtmış bizə bu dünyada hər şeyi

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək,

Qoruyub, nəsillərə biz də hədiyyə verək!...

Yaşıdı, məslək və könül dostu Bəxtiyar Vahabzadənin şəxsiyyəti və yaradıcılığı Doktor Cavad Heyət üçün çox dəyərli idi. 1990-cı ildə Tehranda , səkkiz il sonra isə Bakıda çap etdirdiyi “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış” kitabının Bəxtiyar Vahabzadəyə ayırdığı bölümündə bu böyük istiqlal şairimizi İran türklərinə tanıdaraq yazırdı: “Bəxtiyar Vahabzadə məşhur şair, dramaturq, publisist və ədəbiyyatşünas alimlərimizdəndir. Onun lirik və fəlsəfi şeirləri təzadlarla dolu əsrimizin nəbzi ilə həmahəngdir. Kiçik və böyük əsərlərində Bəxtiyar Vahabzadə həyat, ölüm, qəhrəmanlıq, vətəndaşlıq məsuliyyəti kimi məsələlərə cavab verməyə çalışmışdır. (Doktor Cavad Heyət. Azərbaycan ədəbiyyatı tarixinə bir baxış, Bakı, Azərnəşr, 1998, s.195)

Qeyd etmək lazımdır ki, yurnalın ilk sayında Doktor Cavad Heyətin  “Azəri türkcəsinin tarixinə qısa bir baxış” adlanan məqaləsi xüsusi maraq doğururdu. Bu məqalə, əslində,  Cavad Heyətin bu mövzuda gələcəkdə daha da genişləndirəcəyi fundamental elmi tədqiqatın əsas tezisləri sayıla bilərdi. Bu məqalədə Cavad Heyət türklərin və türk dilinin meydana gəlməsini xülasə şəklində anladır. Qeyd edir ki, türk kəlməsi “törəmək”dən gəlir. Bu adla dövlət ilk dəfə miladın VI əsrində indiki Monqolustan ərazisində meydana gələn Göytürk dövləti olmuşdur. İslamdan əvvəl türkcə danışanların hamısına türk deyilirdi... Türk ellərinin İrana gəlişi Sasanilər zamanında başlamışdır. Bu Ənuşirəvanın farscaya çevrilmiş qeydlərində zikr edilmişdir. İslamdan sonra 3 böyük mühacirət olmuşdur: 1-ci XI əsrdə Səlcuqlarla başlanmış və türklər Anadoluya qədər irəliləmişlər və burada Səlcuq dövlətini qurmuşlar. 2-ci mühacirət moğollarla başlamışdır. Moğollar türk deyildilər, amma orduları əsasən türklərdən ibarət idi. 3-cü mühacirət Əmir Teymurun zamanında olmuş, sonralar da davam etmişdir. Əmir Teymur Osmanlı padşahı İldırım Bəyazidə qalib gələndən sonra özü ilə Anadolu türklərindən ibarət olan 100 mindən çox əsiri gətirib Ərdəbil və ətrafında yerləşdirmişdi. Bu əhali sonralar Şeyx Şəfinin övladlarının əsas dayağına çevrilmişlər. Səfəvilər dövründə Azərbaycan tamamilə türkləşmişdi. (“Varlıq” dərgisi, Tehran, 1979-cu ilin apreli, birinci sayı, s.20)

İnqilabın ilk aylarından bir qədər sonra ölkənin daxili siasi həyatında gedən ziddiyyətli proseslər, mütərəqqi ruhanilərin, demokratik düşüncəli siyasətçilərin sıxşdırılması, xalqa vəd edilən azadlıqların, hətta Əsas Qanunda təsbit olunan milli haqların verilməməsi ölkə ziyalılarının böyük qismində xəyal qırıqlığı yaratdı. “Varlıq”dan sonra nəşr edilməyə başlayan onlarla mətbu orqanın sonrakı illərdə fəaliyyəti dayandırıldı. Milli-mədəni haqların təmin edilməsinə bəslənən ümidlər puç oldu. Belə bir şəraitdə Doktor Cavad Heyət şəxsi nüfuzu və düzgün dəst-xətt seçməsi sayəsində “Varlıq” nəşrini davam etdirməyə müvəffəq oldu. “Varlıq” İranda Azərbaycan-türk varlığının nəzəri və təcrübi məktəbinə, xalqımızın tarixi, dili və mədəniyyətinə məqsədyönlü şəkildə atılan şər və böhtanlara, iftira və təxribatlara anında elmi əsaslandırılmış cavablar verən xitabət kürsüsünə çevrildi. Doktor Cavad Heyət 35 il ərzində bu dərgini həm yaşatdı, həm də onu hər iki Azərbaycanın bir vuran nəbzinə çevirməyə nail oldu. “Varlıq” dərgisi öz tarixi missiyasını davam etdirməklə Doktor Cavad Heyətin heç vaxt unudulmayacaq xatirəsini də yaşadır. 

Eynulla Mədətli,
tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir