24 may 2025 14:27
102

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Uşaqlarımızın kiberşüurunun gücləndirilməsi” adlı kibertəhlükəsizlik mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Mərkəzdən “İki sahil”ə bildirilib ki, tədbirin açılışında iştirakçılara Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəz milli mədəniyyətimizin təbliği ilə yanaşı, maarifləndirmə, elmi-tədqiqat və yaradıcı sənaye sahələrinə aid mövzuları da əhatə edən təşəbbüslərlə çıxış edir. Bu kimi tədbirlər ictimaiyyətin aktual məsələlərlə bağlı maarifləndirilməsinə xidmət edir.

Tədbirin əsas qonağı uzun müddət Almaniyada yaşayan azərbaycanlı IT mütəxəssisi, “CYBERBEWUSST – Wie wir das Cyberbewusstsein unserer Kinder stärken” (Kiberdərk – Uşaqlarımızın kiberdünyada şüurlu davranışını necə inkişaf etdirə bilərik) kitabının müəllifi Nərgiz Hahn olub.

Nərgiz Hahn mühazirəsinin birinci hissəsində kibertəhlükələrin gündəlik həyatımıza necə təsir etdiyini ətraflı izah edib. O, fişinq hücumlarından tutmuş kibertəqibə, şəxsiyyət və maliyyə məlumatlarının oğurlanmasından sosial mühəndislik texnikalarına qədər bir çox real təhlükələrə diqqət çəkib.

Mühazirənin ikinci hissəsində isə N.Hahn kibertəhlükələrə qarşı uşaqlarda “Kiber-rezilientlik” – yəni rəqəmsal dayanıqlıq bacarığının formalaşdırılmasına dair praktiki tövsiyələrini verib. O, valideynlər və pedaqoqlar üçün konkret davranış modelləri, eləcə də uşaqlarda özünüqoruma instinktinin inkişaf etdirilməsi yollarından danışıb, rəqəmsal dövrdə uşaqların potensialının düzgün istiqamətləndirilməsinin vacibliyini vurğulayıb.

Təqdimat zamanı o, Almaniyada baş vermiş məşhur kibercinayət hadisələrinə də toxunub. Mainz Universitet Klinikasından 68 min, Düsseldorf Universitetindən isə on minlərlə şəxsi məlumatın oğurlanması faktlarını misal gətirən N.Hahn belə hadisələrin insan həyatı və təhlükəsizliyi üçün nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini izah edib.

Rəqəmsal dünyanın sürətlə inkişaf etdiyi dövrdə alman auditoriyasına azərbaycanlı mütəxəssis tərəfindən verilən təlim uşaqların və yeniyetmələrin internet mühitində qarşılaşdığı riskləri gündəmə gətirmək, eləcə də valideynlərə və müəllimlərə faydalı tövsiyələr təqdim etmək məqsədi daşıyıb.