"Siz tezliklə bəşəriyyət tarixinin ən görkəmli və köklü hərbi akademiyasının məzunları olacaqsınız. Siz dünyanın indiyədək gördüyü ən böyük və ən güclü ordusunun zabitləri olacaqsınız. Mən bunu bilirəm, çünki o ordunu yenidən qurdum, o ordunu gücləndirdim".
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “West Point” hərbi akademiyasının buraxılış mərasimində deyib.
Ordu futbolunun bazası olan Miçi Stadionunda keçirilən mərasimdə çıxış edən Tramp ABŞ ordusunun qüdrətinin onun rəhbərliyi sayəsində yenidən qurulduğunu deyib.
"Biz diqqəti yayındıran amilləri aradan qaldırırıq və ordumuzu əsas missiyasına yönəldirik: düşmənlərini əzmək, düşmənlərini öldürmək və heç vaxt olmadığı qədər böyük bayrağımızı qorumaq", - prezident bildirib.
Tramp həftənin əvvəlində açıqladığı "Qızıl Qübbə Raket Müdafiə Sistemi"nə də toxunaraq, "Vətənimizi və “West Point”i hücumdan qorumaq üçün “Qızıl Qübbəli Raket Müdafiə Sistemi”ni qururuq. Bu sistem mən vəzifədən gedənə qədər tamamlanacaq", deyə söyləyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”