Böyük Britaniyada “South Western Railway” (SWR) dəmir yolu şirkəti yenidən dövlət mülkiyyətinə qaytarılıb.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, bu, Leyboristlər Partiyasının hakimiyyətə gəlməsindən sonra ilk dəfə bir qatar operatorunun milliləşdirilməsi kimi tarixə düşüb.
SWR əvvəllər “FirstGroup” və “MTR Corporation” tərəfindən idarə olunurdu. İndi isə Nəqliyyat Departamentinin Operatoru (DfTO) tərəfindən idarə olunur və gələcəkdə yaradılacaq Böyük Britaniya Dəmir Yolları (Great British Railway) qurumuna inteqrasiya ediləcək.
Leyboristlər Partiyası 2024-cü il seçki kampaniyasında dəmir yollarının milliləşdirilməsini əsas vədlərindən biri kimi təqdim etmişdi. Bu məqsədlə, 2024-cü ilin noyabrında qəbul edilən Sərnişin Dəmir Yolu Xidmətləri Aktı çərçivəsində, mövcud özəl operatorların müqavilələri bitdikcə, onların xidmətləri dövlət nəzarətinə alınacaq.
Növbəti mərhələdə, “c2c” və “Greater Anglia” kimi digər operatorların da 2027-ci ilə qədər dövlət nəzarətinə alınması planlaşdırılır.
Bu dəyişikliklər Britaniya dəmir yollarının daha səmərəli və sərnişin yönümlü olmasını təmin etməyə yönəlib. Bununla belə, bəzi sərnişinlər biletlərin qiymətinin ucuzlaşmasına ümid edirlər, lakin hökumət bu barədə konkret vəd verməyib.