26 may 2025 14:04
256

“Peşəkar teatr dərsləri” layihəsinin növbəti mərhələsi Qaxda reallaşıb

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri mayın 20-24 tarixlərində İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrında təşkil olunub.

“İki sahil” xəbər verir ki, layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Əməkdar artist, pedaqoq Qasım Nağı və teatrşünas Dağlar Yusif tərəfindən keçirilən peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə  texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.

Mütəxəssislər tərəfindən keçirilmiş dərslər iştirakçılar ilə təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradaraq, teatrın yaradıcılıq mühitinin inkişafına və zənginləşməsinə böyük töhfə verib.

Məlumat üçün qeyd edək ki, layihə bundan öncə Qusar Dövlət Ləzgi Dram Teatrında, Lənkəran Dövlət Dram Teatrında, Qazax Dövlət Dram Teatrında uğurla həyata keçirilib.