Parisdə, “InterContinental Paris Le Grand” mehmanxanasının “Opéra” zalında 1915-ci ildə təsis edilmiş İncəsənət, Elm və Ədəbiyyat Akademik Təşviq və Təhsil Cəmiyyətinin (“Arts-Sciences-Lettres”) 2026-cı il laureatlarının mükafatlandırılma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, cəmiyyətin 111-ci buraxılışına daxil olan laureatlar arasında Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Adilə Əliyeva da (Adel Bespalaya-Əliyeva) yer alıb. Sənətkara Akademik Cəmiyyətin Ali Mükafatlar Komissiyası tərəfindən diplom və platin medal təqdim olunub.
Adilə Əliyeva Bakı şəhərində anadan olub, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illərdir Fransada yaşayan sənətkar dünyanın 50-dən çox ölkəsində konsert proqramları ilə çıxış edib, Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq səviyyədə təbliğ edib. O, 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik edir və Adilə Əliyeva adına Beynəlxalq Piano Müsabiqəsinin təsisçisidir. A.Əliyeva 2022-ci ildə musiqi sahəsindəki xidmətlərinə görə Fransanın “Fəxri Legion” ordeninin Cəngavər dərəcəsinə layiq görülüb.
Qeyd edək ki, 1915-ci il noyabrın 12-də Rene Flamen (René Flament) tərəfindən təsis edilmiş “Arts-Sciences-Lettres” Akademik Təşviq və Təhsil Cəmiyyəti incəsənət, elm və ədəbiyyat sahələrində istedadı və fəaliyyəti ilə mədəniyyətin inkişafına töhfə verən şəxsləri tanıtmaq, onların nailiyyətlərini təşviq etmək məqsədi daşıyır.
Cəmiyyət hər il Parisin nüfuzlu məkanlarının birində təntənəli mərasim təşkil edir. Tədbirdə çoxsaylı qonaqların iştirakı ilə mükafatlandırılan şəxslərə platin, qızıl, vermeil (qızıl suyuna çəkilmiş gümüş medal), gümüş, qalay və bürünc medalların diplomları təqdim olunur. Mükafatlar Cəmiyyətin Ali Mükafatlar Komissiyası tərəfindən müəyyən edilir.
Bundan əlavə, İdarə Heyətinin seçimi ilə Fransa və digər ölkələrdən olan tanınmış şəxsiyyətlərə fəxri lövhə ilə birlikdə böyük qızıl və böyük vermeyl medalları verilir. Təntənəli mərasim bədii proqramla müşayiət olunur və fəxri şam yeməyi ilə davam edir.