İslamofobiya ilə mübarizə Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Bu, təkcə nəzəri deyil, eyni zamanda, praktiki əhəmiyyətə malik məsələdir. Ölkəmiz bu problemin müxtəlif formaları ilə üzləşməkdədir.
“İki sahil” xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq üçüncü ildir ki, Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans təşkil olunur. Tədbirə olan marağın ildən-ilə artması mövzunun beynəlxalq aləmdə aktuallığını bir daha göstərir. Tədbirdə bir sıra ölkələrdən gələn nüfuzlu ekspertlər, siyasətçilər, media nümayəndələri iştirak edirlər və bu platforma islamofobiyanın müxtəlif təzahürlərinə qarşı mübarizənin müzakirəsi baxımından mühüm imkan yaradır. İslam mədəni irsinə qarşı vandalizm halları, xüsusilə də torpaqlarımızın işğal dövründə Ermənistanın Azərbaycanın dini abidələrinə, məscid və qəbiristanlıqlarına qarşı törətdiyi vəhşiliklər islamofobiyanın bariz nümunəsidir”.
Mərkəz rəhbəri əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsi dini zəmində olmasa da, Azərbaycandakı İslam irsinə qarşı törədilən təxribatlar bu problemin dinlərarası münasibətlərdə də əksini tapdığını göstərir.
Əsas məqsədin yalnız bəyanatlar və sənədlərlə kifayətlənmək deyil, həm də praktik nəticələr əldə etmək olduğunu söyləyən F.Şəfiyev vurğulayıb: “Biz çalışırıq ki, beynəlxalq təşkilatlarla birgə konkret addımlar atılsın, qərarverici şəxslər və ictimai fikir liderləri arasında əməkdaşlıq dərinləşsin”.