26 may 2025 16:34
271

Məhəmməd Muxtar əl-Xəlil: Süni intellekt stereotiplərin və diskriminasiyanın mənbəyi olmamalıdır

İslama qarşı qərəzli yanaşmanın aradan qaldırılması üçün süni intellektin inkişafında istifadə olunan təlim məlumatlarını diversifikasiya etmək lazımdır.

“İki sahil” xəbər verir ki, bunu "Əl-Cəzirə" (Qətər) Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Muxtar əl-Xəlil “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, məhdud mənbələr üzərində təlim keçmiş süni intellekt sistemləri İslam və müsəlmanlara qarşı qərəzli yanaşmanı təkrarlamağa və hətta gücləndirməyə meyllidir.

Muxtar əl-Xəlil vurğulayıb ki, süni intellektin inkişafı ilə bağlı yanaşmalar yenidən nəzərdən keçirilməsi və təlim materiallarına müsəlman cəmiyyətləri, onların mədəniyyəti, dəyərləri haqqında daha geniş və obyektiv təsvirlərin daxil edilməsi vacibdir.

"Süni intellekt stereotiplərin və diskriminasiyanın mənbəyi yox bəşəriyyətin xeyrinə xidmət edən qabaqcıl bir alət olmalıdır", - o qeyd edib.