İslamofobiya fenomeni, sadəcə, dini inanca qarşı yönələn ayrı-seçkilik deyil. Daha dərin və sistematik problemdir.
“İki sahil” xəbər verir ki, bunu COREIS-in vitse-prezidenti, EULEMA-nın sədri Yahya Pallaviçini “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusunda plenar iclasda deyib.
İslamofobiyanın cəmiyyətdə qütbləşməni dərinləşdirdiyinə diqqət çəkən Yahya Pallaviçini bildirib ki, bu, mədəni plüralizmə, inanc müxtəlifliyinə qarşı maneə rolunu oynayır. Bu gün Qərb cəmiyyətlərində artan islamofobiya təkcə şəxsi nifrət və ya ayrı-ayrı hadisələrlə məhdudlaşmır. Əksinə, burada bir ideoloji mühərrikin, bir strukturun işlədiyi görünür. Yəni, islamofobiya müəyyən dairələr üçün vasitədir, siyasi maraqlara, kimlik siyasətinə və mədəni üstünlük anlayışına xidmət edən alətdir.
“Bəzi akademik çevrələrdə müəyyən anlayışlar sanki yalnız Avropa mədəniyyətinə aid edilir və bu çərçivənin kənarında qalan hər şey şübhəli, əskik və ya təhlükəli kimi qiymətləndirilir. Belə yanaşmalar isə islamofob baxışlara legitimlik qazandırır. Bu məqamda xüsusi olaraq alimlərin rolunu vurğulamaq istəyirəm. İslamofobiyanın yalnız nəticələrini deyil, onun tarixini, fəlsəfi və ideoloji köklərini də araşdırmaq lazımdır. Alimlərimiz bu mövzuya öz əsərlərində daha çox yer ayırmalı, tədqiqatlar aparmalı və bu sahədə bilik istehsalını gücləndirməlidir. Məlumatlar isə yalnız akademik auditoriyalar üçün deyil, həm də ictimaiyyət üçün əlçatan və maraqlı şəkildə təqdim olunmalıdır”, - deyə Yahya Pallaviçini vurğulayıb.