27 may 2025 12:51
378

Strasburq Böyük Məscidinin Prezidenti: İslamofobiya geniş auditoriyaya malik media vasitələri tərəfindən də yayılır

Yaxın keçmişə qədər islamofobiya müsəlmanlara qarşı açıq-aşkar düşmənçilik edən sağçı radikal partiyalara məxsus xüsusiyyət idi. Bu gün isə bu, dərin bir dəyişikliyə məruz qalaraq əvvəllər nifrət dolu ritorikanın təsirinə düşməyən sahələrə də sirayət edib.

“İki sahil” xəbər verir ki, bunu Strasburq Böyük Məscidinin Prezidenti Said Aalla “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusunda plenar iclasda deyib.

Onun sözlərinə görə, artıq islamofobiya bir sıra siyasi şəxslərin çıxışlarında ifadə olunmaqla yanaşı, geniş auditoriyaya malik media vasitələri tərəfindən də yayılır. Bu media qurumları müsəlmanlara qarşı yönəlmiş düşmən ritorikanı “ifadə azadlığı” adı altında tirajlamağa geniş yer ayırırlar.

"Bu gün artıq sözlər və əməllər deyil, niyyətlər mühakimə olunur. Artıq sübut edilmiş faktlar deyil, gələcəkdə baş verə biləcək risklər və təhlükələr qınanır - sanki bunlar əvvəlcədən sübut edilə bilərmiş kimi. Bu cür qarışıqlıq qaçılmaz olaraq insanlarda daimi şəkildə cəzalandırılma hissi yaradır. İnsan nə edirsə etsin, əgər icma məsələlərinə diqqət yetirirsə, onda özünü ayrı tutmaqda, icmaçılıqda və cəmiyyətə inteqrasiya olmamaqda ittiham olunur; əgər şəhərin və ümumi ictimai-siyasi həyatın işlərinə qarışırsa, bu dəfə isə altruizmdə (yəni özünü unudub başqalarına işləməkdə) ittiham olunur”, - deyə Said Aalla vurğulayıb.