27 may 2025 17:26
228

Siyəzəndə keçirilən ustad dərslərinə yekun vurulub

26-27 may tarixlərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Siyəzən şəhərində, regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano, violin və tar ixtisasları üzrə ustad dərsləri təşkil edib.

“İki sahil” xəbər verir ki,  görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ustad dərsi regionlarda musiqi təhsili səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsi həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərin artırılması məqsədini daşıyır.

Ə.Ağayev adına Uşaq İncəsənət Məktəbində baş tutmuş ustad dərsləri fortepiano ixtisası üzrə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA)“İxtisas fortepiano” kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, violin ixtisası üzrə BMA-nın “Simli alətlər” kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva və tar ixtisası üzrə Mərkəzin sektor müdiri, Əməkdar artist Neymət Mürsəlov tərəfindən keçirilib.

Dərslərdə ixtisasları üzrə alətin tutulma qaydalarına, ifa zamanı barmaqların simlər və ya klaviatura üzərinə applikaturaya uyğun əməl etmək şərti ilə ardıcıl qoyuluşu, şagirdlərin texniki imkanlarının artırılması məqsədilə qamma və etüd məşğələlərinə mütəmadi olaraq riayət edilməsinin zəruriliyi qeyd olunub. Eyni zamanda proqramda ifa edilən hər bir əsərin xarakterini dinləyiciyə düzgün çatdırmaq məqsədilə nüans və ştrixlərə xüsusi diqqət yetirilməli olduğu vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Mərkəz tərəfindən mütəmadi olaraq Bakı ilə yanaşı regionlarda müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil olunur.