27 may 2025 23:12
134

Florida ştatının Mayami-Deyd dairəsində mayın 28-i “Azərbaycanın Müstəqilliyi Günü” elan olunub - FOTO

ABŞ-nin Florida ştatının Mayami-Deyd dairəsində 2025-ci ilin 28 may tarixi Azərbaycanın Müstəqillik Günü elan olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Komissarlar Şurasının sədri Entoni Rodriges bəyannamə imzalayıb.

Sənəd ABŞ-nin Florida ştatının Mayami şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim olunub.

Bəyannamədə 2006-cı ildən bəri Töhfə Eminovanın səyləri ilə qurulan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası barədə geniş məlumat verilib, təşkilat üzvlərinin Mayami-Deyd bölgəsinin mədəni müxtəlifliyinə və mədəniyyətlərarası anlaşmanın inkişafına verdiyi töhfə vurğulanıb.

Sənəddə qeyd olunub ki, dünyada 46 milyondan çox azərbaycanlı yaşayır və onlar hər il 28 May tarixini - Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qurulmasının ildönümünü qeyd edirlər.

Azərbaycan Xalq Cümhuriyyəti universal seçki hüququ verən ilk dövlətlərdən biri olmuş və o dövrdə ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanınmışdır.

Proklamasiyada mer və Komissarlar Şurasının üzvləri 28 mayın tarixi əhəmiyyətini və Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında möhkəm dostluq bağlarını qeyd ediblər.

“Mayami-Deyd dairəsinin bütün vətəndaşlarını Azərbaycan xalqının zəngin töhfələrini birlikdə qeyd etməyə çağırırıq,” - proklamasiyada bildirilir. (Report)