Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti, Baş naziri, Xarici İşlər Nazirliyi və bir sıra hökumət üzvləri Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik ediblər.
“İki sahil” xəbər verir ki, ŞKTC Prezidenti Ersin Tatarın sosial şəbəkələrdəki paylaşımında deyilir: "Azərbaycanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqına sülh, firavanlıq və əmin-amanlıq arzulayıram. Müstəqillik uğrunda canlarından keçmiş bütün qəhrəmanların xatirəsini ehtiramla yad edirəm". Şimali Kiprin Baş naziri Ünal Üstelin təbrik məktubunda deyilir: "Qardaş Azərbaycanın Müstəqillik Gününü qürur hissi ilə qarşılayıram. Xalqlarımız tarixən həm kədər, həm də sevinc içində birlikdə olublar. ŞKTC və Azərbaycan "Bir millət, üç dövlət" kəlamının işığında sıx birləşib. Vaxtilə Azərbaycanın müstəqilliyinə böyük töhfələr vermiş qardaş Azərbaycanın bütün övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm. ŞKTC-yə göstərdiyi səmimi dəstəyə və qardaşlıq hisslərinə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
ŞKTC Xarici İşlər Nazirliyi də Azərbaycan rəhbərliyinə və xalqına təbrik məktubu göndərib. Şimali Kiprin kənd təsərrüfatı və təbii sərvətlər naziri Hüseyn Çavuş və digər rəsmi şəxslər Azərbaycana ünvanlanmış mesajlar paylaşıblar.