Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhərində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. “İki sahil” xəbər verir ki, tədbirdə Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamentinin üzviləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin media nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan və Xorvatiyanın Dövlət himnləri səsləndirilib.
Çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlətin 1918-ci il mayın 28-də məhz Azərbaycanda yaradıldığını, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində mövcud olmasına baxmayaraq daxili və xarici siyasətdə böyük uğurlar qazandığını diqqətə çatdırıb. Səfir 1920-ci ilin aprelində Azərbaycan xalqının əlindən alınan dövlət müstəqilliyinin, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də yenidən bərpa edildiyini vurğulayıb. Ölkəmizin müasir inkişafından söz açan səfir 1993-cü ildə dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığını, apardığı uğurlu siyasət sayəsində demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar əldə edildiyini diqqətə çatdırıb.
Diplomat Azərbaycanın müasir tarixində əsas hadisə olaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, 2023-cü ilin sentyabrında isə 23 saat davam edən antiterror tədbirləri nəticəsində suverenliyini tamamilə bərpa etdiyini tədbir iştirakçılarına diqqətə çatdırıb. Səfir öz çıxışında, həmçinin Azərbaycan-Xorvatiya münasibətlərinə toxunub, ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.
Tədbirdə çıxış edən Xorvatiya iqtisadiyyat nazirinin müavini Vedran Şpehar, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını Azərbaycan xalqı üçün tarixi hadisə adlandıraraq, onun Şərqdə demokratik, dünyəvi dəyərlərə əsaslanan ilk müstəqil respublika olduğunu diqqətə çatdırıb. V.Şpehar, hər iki ölkənin müstəqillik əldə etdikdən sonra oxşar tale yaşadıqlarını, aparılan uzunmüddətli mücadilədən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiklərini qeyd edib. O, çıxışında xalqlarımız arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etdiyini, bunun regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verdiyini bildirərək, Azərbaycan xalqına və dövlətinə daima firavanlıq və tərəqqi dilədiyini, dost xalqlarımızın iradəsinə əsaslanan münasibətlərimizin qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edən Xorvatiya Parlamentinin Konstitusiya və Siyasi Sistem Məsələləri üzrə Komitəsinin sədri İvan Malenika, Xorvatiya ilə Azərbaycan arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, son illər ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin hərtərəfli və sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. İ.Malenika 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bir sıra çətinliklərlə üzləşdiyini, bu gün isə regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevirildiyini, beynəlxalq nüfuzunu gücləndirərək hərtərəfli inkişaf yolunda inamla addımladığını deyib. Xorvatiyanın Azərbaycan ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan İ.Malenika ölkələrimiz arasında digər sahələrdə olduğu kimi parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilmiş və rəsmi ziyafət təşkil olunub.