29 may 2025 08:18
170

Britaniyalı diplomat: Britaniya Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı hesab edir

Böyük Britaniya Azərbaycanın yerləşdiyi strateji mövqeyə görə onu mühüm təhlükəsizlik tərəfdaşı hesab edir.

“İki sahil” xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi, səfir Mark Klayton Londonda Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş rəsmi qəbul zamanı çıxışında deyib.

O qeyd edib ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında münasibətlər çoxşaxəli, dərin və güclüdür. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq təhsil, müdafiə, enerji və iqlim dəyişiklikləri də daxil olmaqla, bir sıra mühüm sahələri əhatə edir və bu əməkdaşlıq güclü iqtisadi tərəfdaşlıq əsasında formalaşıb.

Mark Klayton əlavə edib ki, Böyük Britaniya Azərbaycanı regionda sülhə və təhlükəsizliyə töhfə verən mühüm və suveren tərəfdaş kimi qiymətləndirir və qlobal təhlükələrə qarşı birgə səyləri yüksək dəyərləndirir.

Vurğulayıb ki, 2024-cü il Böyük Britaniya-Azərbaycan münasibətləri baxımından uğurlu il olub. O, COP29-un tarixi bir hadisəyə - hakimiyyətdə olan Britaniya Baş nazirinin ilk dəfə Azərbaycana səfər etməsinə vəsilə olduğunu məmnunluqla qeyd edib. Klayton bildirib ki, bu səfər yüksəksəviyyəli nümayəndə heyətinin rəhbərliyi ilə baş tutub və COP29-un uğurlu nəticələnməsi üçün iki ölkə arasında sıx əməkdaşlıq həyata keçirilib: “Hazırda əsas məqsədimiz həmin dinamikanı saxlayaraq yaşıl enerji keçidini sürətləndirmək və qlobal emissiyaları azaltmaqdır”,- deyə o əlavə edib.

Mark Klayton bu il ərzində də Azərbaycanla-Britaniya arasında güclü əməkdaşlıq tempinin davam etdiyini əlavə edərək aprelin 30-da Londonda iqtisadi əlaqələr üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsinə istinad edib, Britaniyanın Azərbaycana yeni hərbi attaşe təyin etməsinə toxunub, il ərzində növbəti siyasi məsləhətləşmələrin keçiriləcəyini söyləyib.

“Bütün bu qarşılıqlı səfərlər və görüşlər bizim ikitərəfli münasibətlərə verdiyimiz önəmin və birgə maraq doğuran sahələrdə əməkdaşlığa sədaqətimizin göstəricisidir. Əminik ki, qarşıdakı il ərzində bu əməkdaşlıq daha da dərinləşəcək”, – deyə Mark Klayton qeyd edib.

O bildirib ki, yerləşdiyi önəmli coğrafi mövqe baxımından Britaniya Azərbaycanı vacib təhlükəsizlik tərəfdaşı hesab edir: “Ötən ay Bakıya Böyük Britaniyanın ilk rezident müdafiə attaşesi təyin olunub. Bu addım iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da möhkəmləndirəcək”,- deyə o vurğulayıb.