Almaniyada hakim koalisiya – Xristian-Demokratlar İttifaqı (CDU), Xristian-Sosialist İttifaq (CSU) və Sosial-Demokrat Partiyası (SPD) ölkə iqtisadiyyatında müşahidə olunan zəifliyi aradan qaldırmaq məqsədilə “Təcili proqram” hazırlayıb.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə koalisiya komissiyasının ilk iclasından sonra Almaniyanın Kansleri Fridrix Merts məlumat verib.
Kansler bildirib ki, proqram çərçivəsində şirkətlər üçün vergi güzəştlərinin genişləndirilməsi, investisiyaları stimullaşdırmaq məqsədilə sürətləndirilmiş amortizasiya mexanizminin tətbiqi, həmçinin infrastruktur və iqlim müdafiəsinə yönəldilmiş 500 milyard avro dəyərində xüsusi kredit fondunun yaradılması nəzərdə tutulur. “Biz indi resessiyanın üçüncü ilindəyik və bu vəziyyətdən qısa vaxtda çıxmaq niyyətindəyik”, – deyə Kansler vurğulayıb.
Onun sözlərinə görə, “Təcili proqram” çərçivəsində ilk qərarların yay tətilinə qədər qəbul olunması planlaşdırılır. Bəzi tədbirlərin artıq iyul ayında qanun halına gətiriləcəyi gözlənilir.
Tədbirlər paketində kənd təsərrüfatı sahəsində dizel subsidiyalarının bərpası, ictimai iaşə sektorunda əlavə dəyər vergisinin azaldılması, eləcə də nəqliyyat xərcləri üçün məsafə güzəştlərinin artırılması kimi konkret addımların 2026-cı il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Sosial sahədə nəzərdə tutulan islahatlar – xüsusilə vətəndaşlıq yardımı (Bürgergeld) sisteminin yenidən qurulması isə daha gec müddətdə həyata keçiriləcək. Fridrix Merts bu barədə qərarların tələsik deyil, peşəkar hazırlıq əsasında qəbul ediləcəyini bildirib.
Koalisiya tərəfdaşlarının bəyanatında bildirilir ki, yeni iqtisadi strategiya çərçivəsində Almaniyada yaxın aylarda gündəlik həyatda, əmək bazarında və regionlarda hiss olunacaq dəyişikliklərin baş verəcəyi gözlənilir.
Komissiyası ayda ən azı bir dəfə toplanacaq və hökumət üçün strateji əhəmiyyət daşıyan məsələləri müzakirə edəcək.