29 may 2025 09:29
199

Masallıda qaz təchizatında iki günlük fasilə olacaq

Mayın 29-30-da Masallı rayonunun bir sıra yaşayış məntəqələrində qaz verilişində fasilələr olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Qəzvinoba kəndində küçə qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar mayın 29-da saat 10:00-dan etibarən “Tüklə” qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsi daxil olmaqla ümumilikdə 2 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bundan əlavə, Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən mayın 30-da saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonentin qaz verilişində fasilə yaranacaq.

Qaz təchizatının bərpası işlər tamamlandıqdan dərhal sonra həyata keçiriləcək.