30 may 2025 23:20
250

Alternativ enerji istehsalı təmiz ekologiya və sağlam mühit deməkdir

İndi başlıca hədəf bu sektorun payını ümumi enerji balansının 30 faizinə çatdırmaqdır

Azərbaycan enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq həmişə bərpa olunan enerji mənbələrindən istifadəni diqqət mərkəzində saxlayıb.  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Çünki Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin saytında göstərilir ki,  Azərbaycan  yaşıl enerjinin inkişafını əsas prioritetlərindən biri kimi müəyyən edib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir.

 Hazırda respublikamızda 28 giqavat gücündə bərpa olunan enerji potensialının reallaşdırılması üzərində çalışır. Başlıca hədəf  2030-cu ilə qədər bərpa olunan enerji mənbələri üzrə quraşdırılmış güclərin ümumi enerji balansında payını 30 faizə çatdırmaqdır. Bu strategiya çərçivəsində dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhər və kəndlərin yaradılması, eləcə də minlərlə hektar ərazidə meşələrin bərpası kimi innovativ yanaşmalar nəzərdə tutulub.

Ölkəmizdə külək enerjisinin illik potensialı 800 MVt (təxminən 4 milyard kVt/saat) təşkil edir

Məlumatlara əsasən, külək enerjisinin illik potensialı 800 MVt (təxminən 4 milyard kVt/saat) təşkil edir. Bu isə 1 milyon ton şərti yanacağa qənaət və 3,7 milyon ton karbon emissiyasının qarşısını almaq deməkdir. Burada digər önəmli məsələ 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti ilə ümumi qoyuluş gücü 1 000 MVt olan layihələr üzrə mühüm müqavilələr imzalanmasıdır.  Bu müqavilələrə Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə günəş, Abşeron-Qaradağda isə 240 MVt gücündə külək elektrik stansiyalarının tikintisi daxildir.

COP29 çərçivəsində Azərbaycanın «SOCAR Green» MMC-si, «Masdar» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Biləsuvar və Neftçalada yerləşəcək iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb. Ümumi dəyəri 670 milyon ABŞ dolları olan bu layihələr 2027-ci ildə istismara veriləcək və illik 1,7 milyard kilovat/saatdan çox yaşıl enerji istehsal edəcək.  Nəticədə illik 380 milyon kubmetr təbii qazın qənaət edilməsinə şərait yaranacaq.

Bundan başqa, Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) arasında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandum Azərbaycanın təmiz enerji keçidi və yaşıl enerji sahəsindəki ambisiyalarını daha da gücləndirmək niyyətini əks etdirir. Əsas məqsəd nüvə enerjisinin inkişafı üzrə birgə tədqiqatlar və layihələrin həyata keçirilməsidir.

Digər mühüm məsələ Xəzər dənizində dənizdə külək enerjisindən istifadənin inkişaf etdirməkdir

Digər mühüm məsələ Xəzər dənizində külək enerjisindən istifadənin inkişaf etdirməkdir. İlkin təhlillərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilmişdir. Layihə çərçivəsində eyni zamanda dənizdə müvafiq layihələrlə bağlı investorların cəlbi, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəklər nəzərdə tutulur. Dənizdə mövcud olan bu potensialdan səmərəli istifadə yeni iş yerləri, həmçinin ölkə iqtisadiyyatına əlavə dəyər qazandıran imkanlar yaradacaqdır.

17 dekabr 2022-ci il tarixində Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» imzalanıb. Sazişin icrası məqsədilə ilk görüşü Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclasından başlayaraq, nazirlərin mütəmadi görüşləri keçirilir. Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulur. Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən «Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi» pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün müvafiq layihə çərçivəsində araşdırmalar aparılır.

Elçin Zaman, «İki sahil»