31 may 2025 14:01
220

Muxtar Babayev: COP29 Sədrliyi regional təlim mərkəzlərinin tərəfdaşlıq platformaları kimi yaradılması təklifini alqışlayır

Qlobal istiləşməni məhdudlaşdırmaq üçün atılan beynəlxalq addımlar artıq real nəticələr verməkdədir. Paris Sazişindən əvvəl dünya dörd dərəcəlik istiləşmə istiqamətində irəliləyirdi. Bu gün isə proqnozlar üç dərəcədən az istiləşməyə işarə edir. Mütəxəssislər bildirirlər ki, bu, beynəlxalq iqlim razılaşmaları və həyata keçirilən konkret tədbirlərin nəticəsidir.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev Tacikistanın paytaxtı Düşənbə şəhərində “Buzlaqların qorunması” üzrə birinci yüksəksəviyyəli beynəlxalq konfrans çərçivəsində keçirilən “Buzlaq proqnozları və emissiyalar – 1,5°C emissiya ssenariləri nə qədər qoruya bilər?” mövzusunda sessiyada çıxışında deyib.

“COP29 Konfransının Bakıda keçirilməsi zamanı müəyyən şübhələr olsa da, yekunda əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, yüksək dürüstlüyə malik karbon bazarları üçün yeni qaydalar təsdiq edilib, İtki və Zərərin Fondu fəaliyyətə başlayıb.

Bundan əlavə, BMT çərçivəsində tarixdə ilk dəfə olaraq bu miqyasda maliyyə öhdəliyi götürülüb – Bakı Maliyyə Məqsədi qəbul olunub. Bu məqsədə əsasən, 2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dolları iqlim maliyyəsi səfərbər ediləcək. Mütəxəssislərin fikrincə, bu qərar ümumilikdə trilyonlarla dollar iqlim maliyyəsinin hərəkətə gətirilməsinə səbəb olacaq”, - deyə M.Babayev əlavə edib.

Prezidentin nümayəndəsi qeyd edib ki, qlobal istiləşməni sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfi Paris Sazişinin əsas məqsədidir. Bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin əsas tələbi idi.

“Paris Sazişindən sonrakı on il ərzində biz tarixdə qeydə alınmış ən isti onilliyi yaşadı və artıq sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcə yüksək olan ilk ili də gördük.A zərbaycanda biz artıq təsirləri hiss edirik”, - deyən M.Babayev 7 il ərzində buzlaqların təxminən 20 faizinin itirildiyini bildirib. Deyib ki, onlar 2050-ci ilə qədər tamamilə yox ola bilərlər. Çaylarımızın səviyyəsi artıq düşür. İnsanlarımız və kənd təsərrüfatımız üçün daha az su var. Bu, insan sağlamlığı və iqtisadi inkişaf üçün real bir təhlükədir.

Emissiyaların azaldılmasının və istiləşən dünyaya uyğunlaşma üzrə milli iqlim planlarının regional əməkdaşlıq üçün də başlanğıc nöqtəsi ola biləcəyini diqqətə çatdıran Muxtar Babayev qeyd edib: “Onlar bir-birimizə necə dəstək verəcəyimizi və prioritetləri necə müəyyənləşdirəcəyimizi göstərə bilər. Buraya ortaq və regional buzlaqların monitorinqi və onların gələcək dəyişikliklərə necə reaksiya verəcəyini proqnozlaşdırmaq da daxildir. COP29 sədrliyi regional təlim mərkəzlərinin tərəfdaşlıq platformaları kimi yaradılması təklifini alqışlayır”.

O deyib ki, uzunmüddətli aşmadan sonra temperaturu yenidən 1,5 dərəcənin altına endirmək texniki baxımdan mümkündür. Bunun üçün qısaömürlü, amma güclü çirkləndiricilərin qarşısı qətiyyətlə alınmalı və atmosferdən karbon qazı çıxarılmalıdır.