01 iyun 2025 02:02
190

Rusiyada körpü uçub, ölənlərin olduğu deyilir

Rusiyanın Bryansk vilayətinin Vıqoniçi qəsəbəsi yaxınlığında körpü uçub, hadisə zamanı onun altından sərnişin qatarı keçirdi.

“İki sahil” xəbər verir ki, bu barədə güc strukturlarına yaxın olan “Baza”, “Mash”, “112” və “Shot” teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazidə körpünün uçması haqqında məlumatı Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz təsdiqləyib.

“Hazırda A240 federal avtomobil yolunun bir hissəsində avtomobillər və sərnişin qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Təəssüf ki, zərərçəkmişlər var. Hadisə yerində bütün təcili yardım xidmətləri, iqtidar orqanlarının nümayəndələri işləyirlər. Xəsarət alanlara yardım göstərilməsi üçün bütün lazımi tədbirlər görülür”, – Boqomaz bildirib.

Teleqram kanalları yazır ki, körpünün uçmasının mümkün səbəbi dayaqların partladılması ola bilər.

“Mash” 22 nəfərin xəsarət aldığını bildirir. “Baza”nın məlumatına görə, 4 nəfər ölüb, 44 nəfər xəsarət alıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

Qatar Klimov – Moskva marşrutu ilə hərəkət edirdi.