Bu hadisədən sonra xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısını alaraq ölkədə sabitliyi və inkişafı təmin etdi
4 iyun 1993-cü il Gəncə hadisələrindən 32 il ötsə də, həmin vaxt ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün yaratdığı anarxiya, xaos, özbaşınalıq nəticəsində baş vermiş qardaş qırğını hələ də unudulmur. Əlbəttə ki, 4 iyun Gəncə qiyamı o dövrdə Azərbaycanın müstəqilliyini, bütövlüyünü istəməyən qüvvələr tərəfindən məqsədli şəkildə istiqamətləndirilən proseslərin məntiqi nəticəsi idi. Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəli keçmiş İttifaqın dağılması dövrü idi və dağılma prosesi müəyyən konfliktlər, gərginliklər, xalqların öz müqəddəratını həll etmələrinə ciddi maneələr törədilməsi fonunda baş verirdi. Bu baxımdan ən ağrılı hadisələr məhz Azərbaycanda baş verdi. Belə ki, qonşu Ermənistan Moskvadakı havadarlarının, ilk növbədə keçmiş SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazilərinə iddialar səsləndirməyə başladı. Sonradan Dağlıq Qarabağda silahlı dəstələr yerləşdirildi və həmin torpaqların zorla Azərbaycandan qoparılması üçün hərbi əməliyyatlara başlanıldı. Keçmiş İttifaq rəhbərliyi Ermənistana kömək etməyin bir yolunu da məhz Azərbaycanın daxilində demokratik ruhlu, sağlam qüvvələrin siyasi həyatdan uzaqlaşdırılmasında görürdü. Bu məkrli plana uyğun olaraq respublikamızda iddialı görünən, amma heç bir siyasi səriştəsi olmayan, milli iradədən uzaq qüvvələrə dəstək verilməyə başlanıldı. Beləliklə, bir tərəfdən Vəzirov və Mütəllibov qüvvələri, digər tərəfdən xalqla heç bir əlaqəsi olmayan Xalq Cəbhəsi müstəqillik ərəfəsində və müstəqilliyin ilk illərində ölkəmizdə situasiyanı daha da gərginləşdirdilər.
Xalqına, Vətəninə sıx tellərlə bağlı olan Ulu Öndər Heydər Əliyevin məqsədli şəkildə böyük siyasətdən uzaqlaşdırılması, Onun tərəfdarlarına qarşı təqiblərin güclənməsi vəziyyəti tamamilə arzuolunmaz bir istiqamətə yönəldirdi. 1991-ci ildə Ayaz Mütəllibovun, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə respublikada vəziyyət daha da idarəolunmaz hal aldı. 1992-ci il mayın 14-də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat iqtidarı ölkəni idarə etməkdə tamamilə səriştəsizlik nümayiş etdirirdi. İqtisadiyyat bərbad vəziyyətə düşmüşdü, hər hansı bir sosial inkişafdan söhbət gedə bilməzdi, ordu quruculuğu səriştəsiz və ölkənin milli maraqlarına zidd siyasət yeridən insanlara tapşırılmışdı. AXC-Müsavat hakimiyyətinin daxilində bir neçə qrup bir-biri ilə mübarizə aparırdı və o qrupların hərəsinin fərqli məqsədi var idi. Azərbaycan daxilində xarici kəşfiyyat orqanları istədikləri kimi hərəkət edir, daxili siyasətə ciddi təsir göstərə bilirdilər. Belə bir ağır durumda qarşıdurmalar 1993-cü ilin əvvəllərindən başlayaraq daha da artmışdı, hakimiyyətin özündə parçalanmalar daha intensiv hal almışdı. Faktiki olaraq, Azərbaycan özünün müstəqilliyini itirmək və parçalanmaq dövrünə qədəm qoymuşdu. Ən qorxulu hal isə siyasi qarşıdurmanın artıq hərbi qarşıdurmaya çevrilməsi idi. Ordu faktiki olaraq bir neçə səhra komandirinin nəzarəti altına keçmişdi. Hadisələrin belə gedişatı 1993-cü ilin 4 iyununda hakimiyyətin ayrı-ayrı qolları arasında hərbi qarşıdurmaya gətirib çıxardı. Surət Hüseynovun başladığı 4 iyun qiyamı həm də Azərbaycanda AXC-Müsavat iqtidarının heç bir təsirə və rola malik olmadığının göstəricisi idi. Yenicə müstəqilliyə qovuşan Azərbaycanda belə acınacaqlı situasiyanın yaranmasının əsas məsuliyyəti AXC-Müsavat cütlüyünün üzərinə düşürdü. Səriştəsiz AXC-Müsavat hakimiyyəti isə vəziyyətin daha da ağırlaşmasına yol açan məntiqsiz qərarlar verməkdə davam edirdi.
1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təslim olması barədə qərara tabe olmayan Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar baş verdi. Vəziyyət get-gedə ağırlaşırdı. 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birləşmələr arasında döyüş baş verdi. İyunun 5-də Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu.
Bu cür çətin zamanda xalqın nəzər diqqəti Naxçıvana yönəlmişdi. Blokada şəraitində belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev ölkənin, dövlətin, xalqın nicatı idi. Respublikanın hər yerində izdihamlı mitinqlər keçirilir, Ulu Öndər Heydər Əliyevin təcili olaraq Azərbaycanın rəhbərliyinə gəlməsi tələb olunurdu. Bu, xalqın müdrik seçimi idi.
Ulu Öndər bu dəfə də xalqın istəyinə biganə qalmayaraq çiyinlərini çox ağır yükün altına verməkdən çəkinmədi. Heydər Əliyev xalqın və respublikanın o vaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Belə bir vaxtda Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Ümummilli Lider Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır”.
1993-cü il iyunun 15-də Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub Onu hakimiyyətə dəvət etmişdir.
Beləliklə, Azərbaycan tarixinə faciəvi 4 iyun günündən sonra 15 İyun – Milli Qurtuluş Günü yazıldı. Azərbaycan xalqı Ulu Öndərin Vətənin ağır günündə məsuliyyətdən çəkinməyərək respublikada rəhbərliyə gəlməsini və qısa müddətdə böyük uğurlara imza atmasını həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.
Sevinc Azadi, “İki sahil”