13 may 2026 22:11
115

Azərbaycanın dinlərarası dialoqa bir daha mühüm töhfə verdi – Qafqaz Müsəlmanları İdarəsi ilk dəfə təsisçi kimi iştirak edəcək

Mayın 13-də İstanbulda Avrasiya İqtisadi Zirvəsi çərçivəsində Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə G20 Dinlərarası Forumunun prezidenti Kol Durham, Ekumenik Kilsəsinin baş Mitropolit Emmanuel, Stirlinq Fondunun vitse-prezidenti Nikol Stirlinq və digər rəsmi şəxslər arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, G20 Dinlərarası Forumunun nəzdində Çoxdinli Məşvərət Şurasının təsis olunması haqqında geniş müzakirə aparılıb və üçtərəfli anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən Qafqaz Müsəlmanları İdarəsi sözügedən Şurada təsisçi qurum kimi çıxış edəcək ki, bu da Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfəytə baxımdan mühüm addım və bu prosesdə yeni mərhələ kimi qiymətləndirilir.

Bütün Qafqazın Şeyxi anlaşma memorandumunun imzalanmasının vacibliyini belə ifadə edib: ‘’Bu gün mühüm sənədi imzalayırıq, G20 Dinlərarasl Forumu ilə artıq əməkdaşlıqdan savayı həm də Məşvərət Şurasının təsisçisi kimi çıxış edəcəyik’’.

G20 Dinlərarası Forumunun prezidenti Kol Durham da yeni əməkdaşlıq müstəvisinin dinlərarası dialoqa, qlobal sülhün bərqərar olmasına təhfələr verəcəyindən əminliyini ifadə edib, Azərbaycanın bu prosesdə mühüm xidmətlərinin olduğunu diqqətə çatdırıb.

Daha sonra bu ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 dinlərarası Forumuna hazırlıq, dəvət ediləcək qonaqlarla bağlı fikir mübadiləsi aparılıb. G20 forumunun qlobal əhəmiyyətindən danışan Bütün Qafqazın Şeyxi sözügedən tədbirə Qafqaz Müsəlmanları İdarəsinin tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb. Daha sonra qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər müzakirə edilib.