28 May 1992-ci ildə Respublika Günündə Ulu Öndər Heydər Əliyevin, Türkiyədən gəlmiş nümayəndələrin birgə iştirakı ilə istifadəyə verilən «Ümid» körpüsünün davamı Müstəqillik Günündə açılış mərasimi keçirilən Laçın Beynəlxalq Hava Limanı oldu
Qardaşlıq rəmzi, həmrəylik simvolu olan «Ümid» körpüsü Ermənistan tərəfindən blokadada saxlanılan, çətin şəraitdə yaşayan Naxçıvan Muxtar Respbulikasının əhalisi üçün gözlənilməz, eyni zamanda, əlçatmaz arzuların gerçəkləşməsi tarixi idi. Körpünün açılışı enerji, təbii qaz, ərzaq sarıdan çətinlik çəkən naxçıvanlılara ikiqat sevinc bəxş etməklə, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının daha bir nümunəsi kimi salnaməmizə yazılmaqla sonrakı layihələr üçün təməl idi. O illərdə ermənilərin torpaqlarımıza təcavüzü, Azərbaycanın səbatsız rəhbəriyinin muxtar respublikaya etinasız münasibəti nəticəsində çətin şəraitdə yaşayan naxçıvanlılar üçün bu körpü həqiqi mənada insanların ümidinə çevrildi. O dövrdə Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyev insanları düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün yollar axtarır , insanlara mənəvi dayaq olur, bütün çətinliklərin ağırlığını həmyerliləri ilə birlikdə hiss edirdi. Həmin vaxt Naxçıvanı «kor bağırsaq» adlandıran Bakıdakı «iqtidarların», Qars müqaviləsinin ləğvini istəyən AXC-Müasvat cütlüyünün səriştəsiz siyasətbazları Naxçıvana ögey münasibət göstərməklə vəziyyəti daha da ağırlaşdırırdılar.
O ağır zamanlarda «Türkün türkdən başqa dostu yoxdur» sözləri bir daha dəyərini təsdiqlədi. Ankarada keçirilən danışıqlarda qərara alındı ki, ümumi qüvvələrlə Araz çayı üzərindən Azərbaycanı Türkiyə ilə birləşdirən körpü tikilsin. Körpüyə ad da verildi: «Ümid»
Tarixi, ədət-ənənələri eyni kökdən qaynaqlanan Türkiyənin o zamankı Baş naziri, rəhmətlik Süleyman Dəmirəllə danışaraq vəziyyəti müzakirə edən uzaqgörən siyasətçi Heydər Əliyevin səyi nəticəsində qıza müddətdə Azərbaycanın ayrılmaz parçası, Naxçıvanın alınmaz qalası, mənəvi dayağı olan Sədərəkdə- Araz çayı üzərindən körpü salınması qərara alındı.Türkiyənin məşhur «Matsandış» şirkətinin qısa müddətdə inşa etdiyi Sədərək- Dilucu körpüsünün tikintisi gözlənildiyindən də tez müddətdə başa çatdırıldı. Körpü ilə Naxçıvana gətirilən humanitar yardımlar naxçıvanlıların ərzağa olan tələbatını ödədi. O vaxt Böyük Vətən müharibəsi illərində Leninqradda Ladoqa gölü üzərindəki buz yolu ilə müqayisə olunan «Ümid» körpüsü həyat yolu adlandırıldı. Qarşılıqlı olaraq Türkiyəyə və Naxçıvana qardaşlıq səfərləri başladı. Azərbaycanın cənubu ilə şimalını bölən, qardaşları illərlə ayrı salan nisgilli Arazın üstündən salınan «Ümid» körpüsü ilə addımlayan hər kəs inanırdı ki, bu yol tək Naxçıvan üçün deyil, bütünlükdə Azərbaycan üçün nicat yolu olacaq.
Xalqımızın xilaskarı Heydər Əliyev inanırdı ki, arzularımızın körpüsü adlandırılan bu yol türk dünyasına, bütövlükdə dünyaya pəncərə olacaq. Doğrudan da sonrakı illərdə yaşananlara nəzər saldıqda bu körpünün ümidləri doğrultduğunun şahidi oluruq. Həmin körpü ilə blokadada qalan Naxçıvana xeyli ərzaq gətirildi. Naxçıvan Türkiyənin enerji şəbəkəsinə qoşuldu. Bu , yardım qardaşın qardaşa dayağı, dəstəyi idi.
Həmin körpü ilə o tay, bu taya keçənlər türk qardaşlığının qüdrətindən güc alaraq Ulu Öndərin söylədiyi kimi iki dövlətin bir milləti olduqlarını birlikləri ilə möhkəmləndirirdilər. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi körpünün açılış mərasimində iştirak edən, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri əsrlərdən bəri möhkəmlənən qardaşlıq münasibətləri adlandıran Ulu Öndər Heydər Əliyevin «Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki, biz bu günü gözləyirdik və arzularımız həyata keçdi» sözləri bütün türk dünyasının həmərylik rəmzinə çevrildi və yaşandı. Körpünün açılışını hər iki qardaş arasındakı əməkdaşlığın yeni dövrünün başlanğıcı adlandıran, o dövrdə Türkiyənin Baş naziri kimi bu həmrəyliyə xeyir-dua verən Süleyman Dəmirəlin «Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı birləşdirmir. Bu, Avropa ilə Asiya ölkələrinin qarşılıqlı faydalı ələaqələrinəi xidmət edə bilər» sözləri artıq reallaşır. O illər sonradan belə xatırlandı: Əgər «Ümid» çətin şəraitdə yaşayan naxçıvanlılara yaşam, həyat bəxş etdisə, sonrakı illərdə reallaşan enerji layihələri Türkiyə ilə birlikdə Avropanın bir çox ölkələrinə işıq, nur gətirdi.
«Ümid»in varisi olan, tarixi «İpək yolu»nun bərpası təşəbbüsünü qaldırmaqla Dəmir İpək Yolunun- Bakı –Tbilisi-Qars beynəlxalq əhəmiyyətini uzaqgörən siyasəti ilə diqqətə çatdıran Ulu Öndər bir daha türk xalqının öndəri olduğunu göstərdi. Regional əməkdaşlığa ən böyük töhfə verən Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı qardaşlığın məntiqi nəticəsi olan nəhəng enerji və nəqliyyat layihələri birlik, dostluq rəmzi olmaqla Cənubi Qafqazın beynəlxalq aləmdə mövqeyni möhkəmləndirdi. BTQ-nin sonrakı illərdə Naxçıvana qədər uzadılacağı ilə bağlı perspektivlər «Ümid»ə inamı daha da artırırdı.
Prezident İlham Əliyevin sözləri ilə deyilsə, Böyük İpək Yolu layihəsi ilk növbədə Şərqlə Qərb arasında etibarlı nəqliyyat dəhlizinin formalaşmasına yönəldilmiş olsa da , dünya birliyi ilə əlaqələrin genişlənməsində keyfiyyətcə yeni proseslərin başlanğıcıdır. Əsrlərdən bəri möhkəmlənən türk birliyinin simvolu olan «Ümid» həmrəyliyin sonrakı inkişafına etibarlı körpü oldu. Bu körpü sayəsində 2009 Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşü keçirildi.
Bu günlərdə, daha dəqiq desək 28 May Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanını açılış mərasimi Ulu Öndərin daha bir arzusunun reallaşmasının rəmzi idi. Müstəqillik Günü tədbirlərində iştirak üçün ölkəmizə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə Prezident İlham Əliyev arasında keçirilən Zirvə görüşü «Ümid» körpüsünün açılış mərasimində deyilən sözlərin reallığı idi: Azərbaycan həm geostrateji mövqeyi baxımından, həm də Bakının tarixi proseslərdəki rolu kontekstində Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.
Ötən əsrin sonlarında Ermənistanın blokadasında qalan Naxçıvana qardaşlıq əlini uzadan türk xalqı 44 gün davam edən İkinci Qarabağ müharibəsində də ənənəsinə sadiq qaldı. Azərbaycana siyasi, mənəvi dəstəyini əsirgəmədi. Vətən müharibəsinin ilk günlərindən etibarən Pakistan da xalqımızla həmrəyliyini bütün sahələr üzrə davam etdirdi. Artıq təkzibolunmaz reallıqdır ki, bu üç dövlətin strateji mövqeyindən və dinamik iqtisadi potensialından istifadə yolu ilə Qlobal Cənub ölkələri arasında qarşılıqlı faydalar üçün geniş imkanlar yaranır. Hakimiyyətə qayıdışı ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ölkəmizə investisiya axını üçün önəmli enerji, nəqliyyat layihələrinin gerçəkləşməsi naminə Ulu Öndər siyasətini davam etdirən Prezident İlham Əliyev təbii sərvətlərimizin ixracı imkanlarından səmərəli istifadə yollarını müdricəsinə müəyyənləşdirdi. Ulu Öndərin praqmatik ideyalarını davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün Azərbaycan həqiqi mənada Avrasiya qitəsinin önəmli üzvü, etibarlı tərəfdaş imicini doğruldur. Zəngilan, Füzuli, Laçın Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində Cənubi Qafqaz təkcə bölgəmizi deyil, bütünlükdə geniş coğrafiyanı əhatə edən sivilizasiyalar məkanı kimi tanınır. Azərbaycanla Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən enerji layihələri, nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Hər üç ölkə beynəlxalq platformalarda və təşkilatlarda həmrəylik nümayiş etdirməklə gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda səylərini birləşdirən hər üç ölkənin milli maraqlarını əks etdirən əməkdaşlıq bütünlükdə bölgədə sabitliyin qorunmasının əsas qarantıdır. «Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir» sözləri ilə qardaş ölkələrin terrorçuluğa qarşı birgə mübarizəsini bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsi baxımından yüksək dəyərləndirən Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsini Ulu Öndər Heydər Əliyevin reallaşan arzusu adlandıraraq bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanını ifadə etdi. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşən, qlobal enerji və nəqliyyat layihələrinin əsas tərəfdaşı olan Azərbaycan- Türkiyə- Pakistan arasındakı üçtərəfli əməkdaşlıq strateji əhəmiyyətə malik «Ümid» və Bakı-Tbilisi-Qars kimi layihələrin genişləndirilməsi ilə davam etdirilir. Orta Dəhliz və Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrin beynəlxalq əməkdaşlığa töhfə verəcəyinə inam artır. Enerji, ərzaq təhlükəsizliyi və bərpaolunan enerji sahələrində alternativ imkanlardan istifadə üçün səyəlr birləşdirilir. Qütbləşmənin dərinləşdiyi, bloklaşmanın artdığı, beynəlxalq sistemin getdikcə legitimlik böhranına sürükləndiyi, qlobal gərginliyin yaşandığı indiki məqamda ölkəmizdən beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlarda Ulu Öndər Heydər Əliyevin günümüzlə səsləşən arzularının ruhu duyulur. Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət Turançılığa aparan yolun bələdçisidir. Müstəqillik tariximizdə önəmli səhifə olan «Ümid» qardaş ölkələrə quru yolla, Laçın Beynəlxalq Hava Limanı səmamız vasitəsi ilə dünyaya açılan pəncərə olmaqla qüdrətli Azərbaycanın reallıqlarının təbliğində də önəmli rol oynayacaq.
Xuraman İsmayılqızı, «İki sahil»