04 iyun 2025 16:20
134

Beş şəhər və rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında respublikanın 5 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi Səttar Bəhlulzadə küçəsində, Quba şəhəri H.Əliyev prospektində, İmişli rayonunun Qaradonlu kəndinin yaxınlığında - Araz çayının məcrasında və Bərdə rayonunun İkinci Hacallı kəndində meşə fonduna daxil olmayan 239 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 45 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

“Vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırırıq”, - deyə məlumatda qeyd edilib.