Almaniya Bundestaqının yeni hərbi komissarı Henninq Otte ölkədə məcburi hərbi xidmətin yenidən tətbiqinin gündəmə gətirilməsini qaçılmaz hesab edir.
“İki sahil” xəbər verir ki, komissar bu barədə ARD televiziyasında yayımlanan proqramların birində deyib.
O, könüllülük prinsipinə əsaslanan hazırkı sistemin Silahlı Qüvvələrin artan tələbatını ödəmədiyini vurğulayıb: “Ordu artıq kifayət qədər yüklənib, biz əsgərlərin üzərinə daha çox məsuliyyət qoya bilmərik. Bunun əvəzində onların sıraları genişləndirilməlidir”.
Bu məsələnin il ərzində yenidən parlamentə təqdim olunmasının vacibliyini bildirən H.Otte qeyd edib ki, “məcburi elementlər” indidən hazırlanmalıdır.
Komissarın fikrincə, İsveçdə tətbiq olunan məcburi hərbi yoxlama sistemi Almaniya üçün də nümunə ola bilər. O, gənclərlə birbaşa ünsiyyətin onların Bundesverdə xidmət etməyə dair marağını artıracağını düşünür.
Müdafiə naziri Boris Pistoriusun orduda 60 min əlavə əsgərə ehtiyac olması barədə açıqlamasına münasibət bildirən H.Otte deyib ki, nazir bu ehtiyacın necə təmin ediləcəyini izah etməlidir. O, gənc kişilərə məktub göndərilərək onların hərbi xidmətə marağının soruşulması qaydasının kifayət qədər təsirli olmadığını hesab edir.
H.Otte hərbi xidmətin daha cəlbedici olması üçün əlavə təşviqlərin tətbiqini, o cümlədən pensiya balı sistemindən faydalanma, sürücülük vəsiqəsinin verilməsi və xidmət müddətinin universitetə qəbul üçün gözləmə semestri kimi sayılmasını təklif edib.