08 iyun 2025 13:20
88

Ukraynada Xarkov vilayətində hücumlar nəticəsində üç nəfər ölüb, 23 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri son sutkada Ukraynanın Xarkov vilayətinin 9 yaşayış məntəqəsinə müxtəlif növ silahlarla zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleh Sinehubov öz teleqram kanalında bildirib.

“Xarkov şəhərində 2 nəfər həlak olub, 18 nəfər yaralanıb; Starı Saltiv qəsəbəsində 46 və 53 yaşlı qadınlar və 30 yaşlı kişi yaralanıb; Kupyansk şəhərində 44 yaşlı kişi yaralanıb; Kazaça Lopan kəndində 60 yaşlı kişi həlak olub, 47 yaşlı kişi yaralanıb”, – Sinehubov yazıb.

Onun sözlərinə görə, Xarkovda atəş nəticəsində 3 fərdi ev, inzibati və qeyri-yaşayış binaları, ippodrom və 3 avtomobil, “Uşaq dəmir yolu” binası zədələnib. Vilayətin Xarkov rayonunda 4 fərdi ev, təsərrüfat tikililəri və qaz təchizatı borusu, Kupyansk rayonunda 2 şəxsi ev və təsərrüfat tikililəri, İzyum rayonunda anbar binası, avtomobil və ekskavator, Çuquyv rayonunda isə 2 avtomobil zədələnib.