Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt federal polisin artan təhlükələrlə əlaqədar elektroşok cihazları ilə təchiz olunmasını zəruri hesab edir.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, nazir polis əməkdaşlarının elektroşok cihazları ilə təchiz olunması üçün hüquqi çərçivənin bu il ərzində hazırlanacağını deyib.
Bu cihazların polisə bıçaq və digər kəsici alətlərlə hücum edən şəxslərin daha effektiv zərərsizləşdiriməsi və polis əməkdaşlarının özlərini daha yaxşı qoruya bilməsi üçün istifadəsi nəzərdə tutulur.
Qeyd edək ki, açıqlanan son cinayət statistikasına əsasən, zorakı cinayətlər son illərdə ən yüksək səviyyəyə çatıb. Polis əməkdaşlarına qarşı hücumlar da getdikcə artır. Ötən il polis əməkdaşlarına qarşı orta hesabla gündə 305 cinayət hadisəsi qeydə alınıb.
Lakin bu cihazların istifadəsinə qarşı çıxanlar da var. Çünki onların ürək və ya qan-damar problemləri olan şəxslərə qarşı istifadəsinin ciddi nəticələrə səbəb ola biləcəyi iddia edilir.
Hazırda elektroşok cihazları Almaniyada xüsusi təyinatlı polis dəstələri tərəfindən istifadə edilir. Dörd federal əyalətdə isə onların istifadəsi sınaqdan keçirilir.