ABŞ Müdafiə Nazirliyi gizli hərbi proqramların mövcudluğunu gizlətmək üçün onilliklər ərzində uçan naməlum obyektlər və yerdənkənar texnologiyalar haqqında qəsdən dezinformasiya yayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məmurlarla, hərbçilərlə müsahibələr və minlərlə səhifəlik sənədlər əsasında aparılan araşdırmaya istinadən məlumat yayıb.
Nəşr iddia edir ki, ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı 1980-ci illərdə Nevada ştatındakı bar sahibinə qəsdən "uçan boşqab"ların saxta fotoşəkillərini gizlincə ötürüb.
Bu, görünüşü yadplanetli gəmilərin təsvirlərinə bənzəyən "F-117" də daxil olmaqla, yeni qırıcıların sınaqlarını ört-basdır etmək üçün aparılan əməliyyatın bir hissəsi olub. Mənbələrə görə, bu cür manipulyasiyalar sistemli xarakter daşıyıb və təkcə bir hadisə ilə məhdudlaşmayıb.
Təhqiqat ABŞ Konqresinin yaratdığı idarə tərəfindən aparılıb, onun vəzifəsi yadplanetlilərin texnologiyasını öyrənmək üzrə guya gizlədilmiş dövlət proqramları haqqında uzun illərdir səylə davam edən şayiələri yoxlamaq olub.