Suriya yaxın zamanda dünya iqtisadiyyatı ilə əlaqələrin bərpası kursu çərçivəsində SWIFT beynəlxalq ödəniş sisteminə qoşulacaq.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdülqadir Əbdülqadir əl-Hasria “Financial Times” qəzetinə bildirib.
Onun sözlərinə görə, Suriya bir neçə həftə ərzində sistemə yenidən tam şəkildə qoşulacaq.
Bankın rəhbəri iqtisadiyyatın bərpası məqsədilə ölkənin maliyyə sisteminin və pul-kredit siyasətinin yenidən qurulması üçün "Yol xəritəsi"ni ətraflı şəkildə izah edib. Ona uyğun olaraq, Mərkəzi Bank Maliyyə Nazirliyi ilə birlikdə 6-12 aylıq iqtisadi sabitləşmə planı üzərində işləyir. Proqrama bank qanunvericiliyi və Mərkəzi Bankın işi ilə bağlı islahatların aparılması, həmçinin diasporanı ölkə layihələrinə sərmayə qoymağa təşviq etmək üçün sosial təminat və mənzil maliyyələşdirmə sisteminin yenidən nəzərdən keçirilməsi daxildir.
Xəbər verildiyi kimi, Suriya son altı ayda təxminən 16 milyard dollar investisiya və beynəlxalq yardım cəlb edib.