13 iyun 2025 08:23
209

Əhalinin sosial müdafiəsi prioritetdir - Növbəti sosial paket

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Belə, həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır. İcra olunan sosial islahatlar vətəndaşların rifah halının daha da yaxşılaşmasına yönəlib.

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata  çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb. Ümumilikdə, qeyd edilən növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Prezident İlham Əliyevin 2019-cu ildən başlanan təkmil sosial islahatları öz müsbət nəticəsini verir. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən iki sosial paket icra edildi. Bu paketdə yer alan  problemli kreditlərin həlli, evlərin sənədləşdirilməsi kimi məsələlər əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ölkə Prezidentinin təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı, minimum pensiya artdı. Əməkhaqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyur. Bu, ondan xəbər verir ki, ölkənin iqtisadi inkişafı yüksəkdir, əhalinin sosial müdafiəsi prioritetdir.

Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən  2025-cü ilin 1 iyulundan şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün  Prezidentin aylıq təqaüdü – 700 manata çatdırılıb. Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə)  600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə)  500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə)  400 manata çatdırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2200 manata, Milli Qəhrəmanlara Prezidentin aylıq təqaüdü  2000 manata, Prezidentin fərdi təqaüdü 1700 manata, uşağın anadan olmasına görə birdəfəlik müavinət  600 manata, dəfn üçün birdəfəlik müavinət 600 manata, himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 500 manata, 7-13 yaş arası uşaq üçün 600 manata, 14-18 yaş arası uşaq üçün 650 manata çatdırılıb. Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 180 manata çatdırılıb. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdü 250 manata, övladlığa götürülən hər uşağa görə aylıq müavinət  240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət 140 manata, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 140 manata çatdırılıb. Eyni zamanda, Fərmana əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 140 manata, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü 120 manata çatdırılıb. Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüdləri isə “Xalq” fəxri adına görə  300 manata, “Əməkdar” fəxri adına görə 200 manat çatdırılıb.

Anar Miriyev, “İki sahil”